Naxçıvanda Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər olub

158

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və rayon mərkəzlərində sağlamlıq imkanları məhdud şəxslərin iştirakı ilə tədbirlər keçirilib.

Naxçıvan Əlillərin Bərpa Mərkəzində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev muxtar respublikada məhdud fiziki imkanlı insanlara göstərilən tibbi və sosial reabilitasiya xidmətindən, müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunmasından, sağlamlıq imkanları məhdud olan insanların mənzil-məişət şəraitləri yaxşılaşdırılmasından danışıb. Həmçinin tədbirdə  vurğulanıb ki, məhdud fiziki imkanlı insanlara təqaüd və sosial müavinətlər ödənilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Eyni zamanda həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Beynəlxalq Əlillər Günü münasibətilə tədbirlər keçirilib.

Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupu Kəngərli rayonunda keçirilən tədbirdə iştirakçılar qarşısında konsert proqramı ilə çıxış edib.
Tədbirlərdə, ümumilikdə, məhdud fiziki imkanlı 1000 şəxsə sovqat təqdim olunub. Görüşlərdə iştirak edə bilməyən məhdud fiziki imkanlı şəxslərə evlərində baş çəkilib, sovqat verilib. Məhdud fiziki imkanlı şəxslər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: