Naxçıvanda “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində konfrans keçirilib - VİDEO

95

“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu”  mövzusunda Naxçıvan Şəhər Gənclik Mərkəzində konfrans keçirilib.

Konfransda Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsi və muxtar respublikada gənclərlə işin səmərəli təşkilinin nəticəsi olduğu bir daha qeyd edilib.

NUHÇIXAN xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə  Naxçıvan şəhərində ümummilli liderin əzəmətlə ucalan abidəsi önünə  gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra konfrans öz işinə başlayıb.

Konfransda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra gənclərlə iş intensiv xarakter alıb, bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılıb, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün ardıcıl tədbirlər görülüb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Ölkə Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq keçirilən Azərbaycanın gənclər paytaxtı layihəsi ilk günlərdən böyük maraqla qarşılanıb, gənclərlə işin daha da canlandırılmasına səbəb olub. Bu baxımdan müsabiqə Naxçıvan gəncləri tərəfindən də daim diqqətdə saxlanılıb, Naxçıvan şəhəri son illərdə keçirilən seçimlərdə öz namizədliyini irəli sürüb.

Ötən illərdə olduğu kimi bu il də internet müsabiqəsi maraqlı mübarizə şəraitində və obyektiv şəkildə keçirilib. 2018-ci ilə İslam Mədəniyyəti Paytaxtı kimi başlayan Naxçıvan şəhəri gənclərin internet resurslarındakı fəallığı  nəticəsində ölkəmizin  gənclər paytaxtı seçilib.

Nazir qeyd edib ki, 2018-ci ildə Naxçıvan şəhərinin Gənclər paytaxtı seçilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanaraq həyata keçirilir. Artıq bu istiqamətdə görülən işlər çərçivəsində Naxçıvan şəhəri ətrafında gənclərin iştirakı ilə salınmış Gənclər bağını, eləcə də qış məktəbini qeyd etmək olar.

Bu gün keçirilən azərbaycançılıq və gənclik adlı təbliğat kampaniyası və “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda  konfrans gənclərin ideoloji siyasi şüurunun artırılması, onların vahid fikir ətrafında birləşməsi baxımından mühüm əhəmiyyətə malikdir deyən,- Azad Cabbarov çıxışının sonunda qeyd edib ki, bu  kimi tədbirlər ölkə gənclərinin birgə fəaliyyəti və bölgələrimizin tanıdılması baxımından yeni imkanlar yaradıb.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov konfransda çıxış edərək bildirib ki,  respublikamızın 30-dan çox şəhər və rayonunda “Azərbaycançılıq və gənclik” təbliğat kompaniyası çərçivəsində tədbirlərin keçirilməsində məqsədimiz milli-mənəvi və ümumbəşəri dəyərlər sistemində ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş müzakirəsini keçirmək və gənclərə çatdırmaqdır. Gənclər tərəfindən azərbaycançılıq məfkurəsinin düzgün dərk edilməsi ölkəmizin strateji inkişaf hədəflərinə və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edən vacib amillərdəndir. Bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini yüksək səviyyədə qeyd edirik. Tarixi faktlar göstərir ki, azərbaycançılıq ideyalarına çağırışlar əvvəlki dövrlərdə də olub. Azərbaycanın Gənclər və İdman Naziri qeyd edib ki, “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”

Nazir çıxışının sonunda ölkənin ictimai-siyasi həyatında yüksək fəallıqlarına görə Naxçıvan Gənclərini təbrik edərək bildirib ki, 2018-ci ilin “Gənclər Paytaxtı” çərçivəsində çoxsaylı maraqlı və əhəmiyyətli tədbirlərin təşkilinin şahidi olacağıq.

Konfransın gedişində  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi Yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və “Naxçıvan” Universitetinin tələbəsi Allahverdi Qəribov və Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Əfsanə Əlizadənin çıxışları maraqla dinlənilib.

Konfransdan sonra Bakıdan dəvət olunmuş müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: