Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

2. 081

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçirilir.

NUHÇIXAN xəbər verir ki, tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat verib, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırıblar.

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda, əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrindən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, arıçılıq sahəsinə güzəştli kreditlərin və arıçılıq avadanlıqlarının lizinq yolu ilə sahibkarlara verilməsi, arıçıların xəstəliklərə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təminatı, arıçılıq avadanlıqlarının istehsalı və satışının təşkil edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada arıçılığın inkişafı üçün geniş imkanlar açır. Hazırda muxtar respublikada arıçılıqla məşğul olanların sayı gündən-günə artır. Arı məhsullarının istehsalı və satışı bazar iqtisadiyyatına uyğun olaraq formalaşmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı tərəfindən 12 min 985 kiloqram süzmə, 3342 kiloqram şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyətə malik olan dərman bitkiləri və digər məhsullar çıxarılıb. Festivala çıxarılan məhsullar xüsusi taralarda qablaşdırılıb. Həmçinin baldan hazırlanan müxtəlif şirniyyatlar, araqlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif edilir.

Festivalda, eyni zamanda, müxtəlif arıçılıq ləvazimatları nümayiş olunub. Festival arıçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə, onların bu sahədə əldə olunan yeniliklərlə tanış olmalarına şərait yaradır. Arıçılıqla bağlı çap olunmuş kitab və bukletlər bu sahədə mühüm əhəmiyyətə malikdir. Kitab və bukletlər arıçılara paylanıb.

Qeyd olunub ki, Günnüt, Havuş, Tənənəm, Şahbulaq, Tivi, Buzqov, Şurud, Ağbulaq və digər kəndlərdə istehsal olunan bal dadı, qoxusu, görünüşü və müalicəvi əhəmiyyəti ilə seçilir. Muxtar respublikanın florası nektarlı bitkilərlə zəngindir. Azərbaycanda mövcud olan 400 növ balverən bitkinin əksəriyyəti muxtar respublikanın ərazisində bitir. Naxçıvanın coğrafi iqlim şəraiti isə balverən bitkilərin müxtəlif vaxtlarda çiçəkləməsinə səbəb olur. Bütün bunlar da arıçılığın inkişafı üçün geniş imkanlar açır. Bunun nəticəsidir ki, muxtar respublikada arı ailələrinin sayı artaraq 71 mini ötüb.

Günnüt kəndindən olan arıçı Fikrət Məmmədov deyib ki, uzun müddətdir Günnüt kəndinin həsrətində idik. Kəndimizin işğaldan azad olunması sakinlərin böyük sevincinə səbəb oldu. Bu gün Günnüt kəndində təsərrüfatla məşğul oluruq, arı ailələri saxlayırıq. Bundan sonra da kəndimizin təbii imkanlarından geniş istifadə edəcəyik.

Arıçılardan Məhərrəm Eyvazov, Əsəd Hacıyev, Etibar Məmmədov, Abdulla Sadiqov, Baba Babayev, Azər Şahverdiyev, Yaşar Həbibov və Tahirə Zamanova arıçılığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Bu gün muxtar respublikada qədim arıçılıq ənənələrinin yaşadılmasına xüsusi diqqət yetirilir. Arıçılığın inkişafında Naxçıvan təcrübəsinin tətbiqi diqqətdə saxlanılır. Culfa rayonunun Gülüstan kənd sakini, arıçı İlqar Hüseynov arı ailələrinin becərilməsində qədim metodlardan geniş istifadə edir.

Arıçı İlqar Hüseynov Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib ki, təsərrüfatının inkişafı üçün hər cür şərait yaradılıb. Arı ailələrinin köçürülməsi, xüsusilə dağ və sərhəd kəndlərində arı ailələrinin saxlanılması üçün bütün imkanlar mövcuddur. Torpaqlarımız etibarlı müdafiə olunur, qorunur. Bu imkanlardan istifadə edərək keyfiyyətli məhsul istehsalına nail oluruq. Bu il öz təsərrüfatımda istehsal etdiyim 55 kiloqram balı hərbi hissəyə təhvil vermişəm. Bu həmrəylik, birlik və göstərilən qayğı bizi daha da ruhlandırır.

Ali Məclisin Sədri arıçılara təşəkkür edib, arıçılığın inkişafında Naxçıvan təcrübəsinin tətbiqinin əhəmiyyətini vurğulayıb, maarifləndirmə işlərinin aparılması, muxtar respublikada arıçılığın inkişafına bundan sonra da dəstək verilməsi, arıçılıq təsərrüfatlarının genişləndirilməsi üçün subsidiyaların ödənilməsi və tibdə arı məhsullarından istifadənin genişləndirilməsi barədə tapşırıqlar verib.

Festival oktyabrın 21-dək davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı rəngarəng konsert proqramı təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: