NUHÇIXAN xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituryentlər üçün sınaq imtahanı keçirib. Naxçıvanda bu imtahan 14 nömrəli tam orta məktəbdə aparılıb.
İmtahanda iştirak etmək üçün 625 abituryent qeydiyyatdan keçib. Sınaq imtahanının qeydiyyatı internet vasitəsilə aparılıb. Sualların cavablandırılmasına 3 saat vaxt ayrılıb.
İmtahanın idarə olunması üçün 4 imtahan rəhbəri, 29 nəzarətçi-müəllim cəlb olunub. Bu sınaq imtahanının əvvəlkilərdən fərqi ondadır ki, o 2019-cu ildə yeni tədris proqramı-kurikulum əsasında tətbiq olunacaq imtahan formatında həyata keçirilir. Yəni 2019-cu ildə qəbul imtahanı hansı modeldə keçiriləcəksə bu sınaq imtahanı eyni modeldə aparılıb. Bu sınaq imtahanında hər bir şagirdə 3 fənn üzrə ayrılıqda 30 test tapşırığı təqdim olunub. Onun 22-si qapalı, 8-i isə açıq tipli test tapşırıqlarıdır. Açıq tipli test tapşırıqlarından 3-ü situasiya və mətn əsasında hazırlanmış yeni tədris proqramına aid suallardan ibarətdir.
İmtahanda heç bir qayda pozuntusuna yol verilməyib. İmtahanın nəticələri iki həftədən sonra məlum olacaq. Hər bir abituryent öz iş nömrəsi ilə şəxsi kabinetinə daxil olub nəticələrinə baxa və eyni zamanda əvvəlki qayda üzrə 7727-yə SMS göndərməklə nəticələrini əldə edə biləcək.
Əbülfəz Dünyamalıyev