Naxçıvanda 41,5 hektar sahədə tütün əkilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında ötən ildən tütün əkininə başlanıb. Yüksək gəlir və unudulmayan qədim ənənə nəticəsində əldə edilən məhsuldarlıq bu il fermerlər arasında tütünçülüyə marağı artırıb. Kəngərli, Şərur və Babək rayonlarında tütünçülük təsərrüfatları genişləndirilib. Yeni fəaliyyətə başladığı üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu sahəni diqqətdə saxlayırlar. Nazirliyin mütəxəssisləri Kəngərli rayonunun Çalxanqala kəndində Məzahir Həsənova məxsus tütünçülük təsərrüfatında olub. Sahibkar məlumat verib ki, təsərrüfatında əsasən “Virciniya” sortu əkib. Hal-hazırda sahələrdə yarpaqların qırım işləri aparılır. Mütəxəssislər yığım zamanı məhsulun itkisiz toplanması üçün fermerə məsləhətlərini veriblər. O da vurğulanıb ki, ötən il Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, 11 tondan artıq quru tütün istehsal olunub. 2018-ci ildə isə əkin sahələri 41,5 hektara çatdırılıb.
Babək rayonunun Şıxmahmud kəndində yaradılan “Kəhraba” nümunəvi fermer təsərrüfatı da muxtar respublikamızda tütünçülüyün inkişafına öz töhfəsini verir. Təsərrüfatın 2,3 hektar sahəsində əsasən “Oriental” tütün sortu əkilib.
Muxtar respublikamızda tütünçülük təsərrüfatlarından yığılan məhsullar Kəngərli rayonundakı Tütün Yetişdirmə Təsərrüfatına gətirilərək qurudulur. Mərkəzdə 3 üsulla-filələmə, xüsusi parça olan elyaf və ipədüzmə üsulu ilə qurutma aparılır.
Tütünçülüyə marağın artmasına səbəb bu məhsula istər daxili, istərsə də xarici bazarlarda tələbatın çox olmasıdır. Qurudulan tütün Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Tobacco” fabrikinə göndərilir. Fabrikdə “Cahan”, “Visore”, “Nova” “Fine”və sair markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Hindistan, İndoneziya və digər ölkələrdən alınır. İndi isə məqsəd yerli bazarı tam şəkildə yerli xammalla təmin etməkdir.
Qeyd edək ki, ötən ildən Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Naxçıvanda istehsal olunan məhsullar Türkiyə ərazisinə rüsumsuz olaraq ixrac olunur. Nəzərə alsaq ki, tütün məmulatı Naxçıvan bazarları ilə müqayisədə qardaş ölkədə baha qiymətə satılır, onda Naxçıvan istehsalı olan tütün məmulatlarının ən yaxşı bazarı kimi Türkiyəyə ixrac edilməsi yaxşı qazanc gətirə bilər.
Cavid Səfərli