Naxçıvan televiziyasında iclas keçirilib

471

NUHÇIXAN xəbər verir ki, iclasda 2018-ci ilin birinci yarısında görülən işlər  və qarşıda duran  vəzifələr müzakirə edilib.

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər planı”nın təsdiq edilməsi barədə” 2018-ci ilin fevral ayında  imzaladığı sərəncamın teleradionun inkişafında müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, “Tədbirlər planı”nın icrası çərçivəsində ən müasir yayım və çəkiliş avadanlıqları  alınıb, yeni yaradıcılıq redaksiyaları təşkil olunub. Aprel ayında Naxçıvanın ilk  rəsmi informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyi fəaliyyətə başlayıb, televiziyanın mütəxəssisləri tərəfindən agentliyin yeni internet saytı hazırlanıb. Televiziyada ilk dəfə Xalq Çalğı Alətləri Ansamblı yaradılıb.

İyun ayının 15-dən televiziyanın və radionun  efir vaxtının daha bir saat artırılaraq 19 saata çatdırıldığını vurğulayan komitə sədri kinooperatorlara ustad dərslərinin keçirilməsi üçün Bakı şəhərindən mütəxəssis dəvət olunmaqla praktik təlimlərə başlanıldığını bildirib. Qeyd olunub ki, artıq televiziyanın xəbərlər proqramı Azərbaycan dili ilə yanaşı ingilis dilində də yayımlanır. Avqust ayından isə xəbərlər rus dilində də tamaşaçılara təqdim ediləcək.

Komitə sədri Beşinci Çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya və radionun da qarşısında bir sıra tapşırıqların qoyulduğunu diqqətə çatdırıb. Sahil Tahirli  deyib ki, iformasiya –məlumatlandırma işinin  səmərəli təşkili, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi işi bundan sonra da  sistemli şəkildə davam etdiriləcək.

Komitənin Proqram direksiyasının direktoru İlkin Rzayev, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyev, televiziyanın İctimai-siyasi məsələlər redaksiyasının baş redaktoru Ramal Məmişov, Radionun ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru Məhəmməd Fərəcov görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, ötən 6 ayda televiziyada yüzlərlə film və veriliş hazırlanıb, tamaşaçı və dinləyicilərə operativ informasiyalar çatdırılıb, ünvanlı proqram siyasəti həyata keçirilib.

İclasın sonunda 2018-ci ilin ikinci yarısında görüləcək işlər müzakirə edilib və redaksiyalar üzrə konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: