Naxçıvan şahmatçısı Zahid Allahverdiyev C qrupunun lideridir

54

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında 7-ci turun oyunları başa çatıb.

NUHÇIXAN xəbər verir ki, “A” qrupunda azərbaycanlı qrossmeysterlər Eltac Səfərli (2657) və Nicat Məmmədov (2602) üz-üzə gəlib. Görüş “sülh”lə yekunlaşıb.

Eyni xala malik olan hollandiyalı qrossmeyster Sergey Tiviyakovla (2569) türkiyəli qrossmeyster Sanal Vahapın (2505) görüşü də böyük marağa səbəb olub. Qara taxtada mübarizə aparan türk şahmatçı məğlub olub. Azərbaycanlı qrossmeysterlər Fərid Abbasov (2531) və Qədir Hüseynov (2654) bu turda müvafiq olaraq almaniyalı qrossmeyster İqor Xenkin (2557) və iranlı qrossmeyster Qaem Maqami Ehsanla (2531) qarşılaşıblar və hər iki görüşdə şahmatçılar yarım xala razı olublar.

Digər maraqla gözlənilən görüşlərdə qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni (2390) ispaniyalı Oleq Kornyovla (2533), ukraynalı qrossmeyster Vitaliy Bernadskiy (2589) israilli qrossmeyster İlia Smirinlə (2592) mübarizə aparıblar. Qazaxıstanlı şahmatçı qələbəni bayram etdiyi halda, digər görüşdə qalib müəyyənləşməyib. Turnirin ən reytinqli şahmatçısı, ukraynalı qrossmeyster Anton Korobov (2678) isə azərbaycanlı beynəlxalq usta Məhəmməd Muradlının (2417) müqavimətini qıra bilməyib və yarım xalla kifayətlənib.

Naxçıvanlı FIDE ustalarımız Pərviz Qasımov (2329) və Sadiq Məmmədov (2293) müvafiq olaraq iranlı beynəlxalq usta Musavi Seyid Xəlil (2460) və belaruslu qrossmeyster Aleksey Aleksandrovla (2594) mübarizə aparıblar. Sadiq yarım xal qazandığı halda, Pərviz məğlubiyyətlə barışıb. Qrossmeyster Urfan Sevdimalıyev (2397) isə beynəlxalq usta Gülnar Məmmədovadan (2360) üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2350) isə FIDE ustası Gövhər Beydullayeva (2176) ilə görüşdə ağ-qara taxtanı məğlub tərk edib.

Hazırda turnir cədvəlinə 5,5 xalla hollandiyalı qrossmeyster Sergey Tiviyakov başçılıq edir. Onu 5 xalla üç zəka sahibi izləyir.

Beynəlxalq Şahmat Festivalının “B” qrupunun son turundan sonra hazırda turnir cədvəlinə yalnız bir zəka sahibi başçılıq edir. Belə ki, son 7-ci turda Samir Davidovu (2216, Xaçmaz) məğlub edən Ağdam şahmatçısı Fariz Əhmədov (2146) 6,5 xalla liderliyə yüksəlib. 9 zəka sahibi isə onu 5,5 xalla izləyir.

“C” qrupunun lideri isə Naxçıvan şahmat məktəbinin yetirməsi Zahid Allahverdiyevdir (1398). O, son turda Bakı təmsilçisi Əli Zuqanova (1299) qalib gəlməklə, xallarının sayını 6,5-ə yüksəldib. Sonrakı 4 pillədə qərarlaşanlar isə 6 xala malikdir. Onlar arasında muxtar respublikanı təmsil edən iki zəka sahibi – Uğur Həsənli və İlkin Qəbulov da var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: