Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik fəaliyyətə başlayıb

114

Aprelin 9-da Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib.

Nuhcixan.az xəbər verir  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəssisənin açılışını bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının iqtisаdiyyat nаziri Famil Sеyidоv çıxış edərək deyib ki, bu gün Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyətinin zinət əşyaları müəssisəsinin istifadəyə verilməsi sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamıdır.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında investisiyaların təşviqi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq istehsal sahəsinin fəaliyyətinin stimullaşdırılması məqsədilə İtaliya və Almaniyadan idxal edilən avadanlıqlara investisiya təşviqi sənədi verilib, müəssisənin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bu müəssisə muxtar respublikada zinət əşyalarına olan tələbatı daxili imkanlar hesabına ödəməyə imkan verəcəkdir.

“Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının direktoru İlqar Sadiqov deyib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafına göstərilən diqqət və qayğı müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaranmasına səbəb olub. “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı da yeni məhsul istehsal edən müəssisələr yaratmaqla tələbatın daxili imkanlar hesabına ödənilməsinə çalışır. Qızıl və gümüş zinət əşyaları istehsalı sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 600 min, şirkətin daxili imkanları hesabına isə 2 milyon 700 min manat vəsait sərf olunub. İlqar Sadiqov sahibkarlığın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlıq edib, yaradılan şəraitin müqabilində bundan sonra da səylə çalışacaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada yeni bir sahənin – zinət əşyaları müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muxtar respublikada vaxtilə zinət əşyaları hazırlayan ustalar olmuşdur. Lakin varisilik təmin olunmadığı üçün bu sənət zamanla unudulmuşdur. Bu gün muxtar respublikada az sayda usta bu sənətlə məşğul olur. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması, müasir avadanlıqların qurulması və mütəxəssislərin cəlb olunması həm zinət əşyalarının hazırlanması üzrə varisliyi təmin edəcək, həm də bu sənət muxtar respublikada inkişaf edəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu müəssisələr o yerdə yaradılır ki, orada sabitlik, inkişaf, dövlət qayğısı və bazar olsun. Hazırda muxtar respublikada özəl bölmənin inkişaf etdirilməsi üçün həm sabitlik, həm də dövlət qayğısı və bazar mövcuddur. Muxtar respublikada əhalinin və turistlərin tələbatının artması onu deməyə əsas verir ki, zinət əşyaları bazarı da aktiv fəaliyyət göstərəcəkdir. Çünki zinət əşyaları hər bir insana, hər bir ailəyə lazım olur. Ona görə də müəssisədə keyfiyyətli və bazarın tələblərinə uyğun məhsul istehsal olunmalıdır.

Ali Məclisin Sədri istehsal olunan məhsulların ölkə və xarici bazarda özünə yer tutacağına əminliyini bildirərək deyib ki, müəssisədə zinət əşyalarından başqa, dövlət sifarişləri də yerinə yetiriləcək, muxtar respublikanın fəxri adlarının döş nişanları burada hazırlanacaqdır. Dövlət dəstəyinin göstərilməsi isə müəssisənin fəaliyyətinin genişləndirilməsinə şərait yaradacaqdır. Müəssisədə mütəxəssis hazırlığına və işin keyfiyyətinə diqqət artırılmalıdır. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsinin də göstəricisidir.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib və istehsal sahəsinə baxıb.

Məlumat verilib ki, müəssisədə əritmə, rezin və mum hazırlama, saflaşdırma, metal yoxlama və laboratoriya, lazer, keyfiyyətə nəzarət və təhvil, metal hazırlama, dizayn və nümunə, atelye və qaşbərkitmə bölmələri fəaliyyət göstərir. İtaliya və Almaniya istehsalı olan avadanlıqlarla təchiz edilmiş müəssisədə bütün növ qızıl və gümüş zinət əşya­ları, medalyonlar və döş nişanları istehsal olunacaqdır. Müəssisə gün ərzində 5-10 kiloqram əlvan metalları əritmə gücünə, növündən, çəkisindən, modelindən, qiymətli qaş və brilyant miqdarından asılı olaraq 500 ədəd hazır məhsul istehsalı gücünə malikdir.

İtaliyalı mütəxəssis Vittario Qaliano bildirib ki, müəssisədə istənilən qəlib və ölçülərdə, eləcə də dizaynda zinət əşyaları istehsal etmək mümkündür. Qızılın əridilməsi, yoxlanması, təmizlənməsi, nümunələrin hazırlanması və son istehsal prosesinə qədər olan işlər ardıcıl formada həyata keçirilir. Bu da müasir dövrdə zinət əşyaları istehsalı sahəsində tətbiq olunan ən son nailiyyətdir.

İstehsal sahəsi generator, kompressor,  transformator, qazanxana, mərkəzi havalandırma, zəhərli qazların təmizlənməsi, isitmə və soyutma  sistemləri ilə təchiz edilib. Müəssisənin ərazisində təhlükəsizlik kame­ra­­ları, yanğından mühafizə sistemi, hərəkət və sınma sensorları, metal dedektorları quraşdırılıb. Həmçinin cəmiyyətin Naxçıvan şəhərində firma mağazası da yaradılıb. Müəssisədə 35 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri muxtar respublikanın qədim zinət əşyaları nümunələrinin istehsal prosesində tətbiq edilməsi, bazarın tələbinin öyrənilməsi və bütün yaş səviyyələrinə uyğun məhsulların istehsal olunması, dövlət sifarişlərinin qeydiyyatının aparılması və müəssisədə qızıl qəbulunun həyata keçirilməsi barədə aidiyyatı üzrə tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: