Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında yüngül atletika birinciliyi keçirilib
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komanda mübarizə aparıb. Hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilən birincilikdə 220 idmançı yarışıb. Atletlər Naxçıvan Ordu İdman Klubunun idman şəhərciyində 100, 1000 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı, hündürlüyə və uzunluğa tullanma yarışlarında özlərini sınayıblar. Ümumi nəticələrə əsasən yarışların qalibi Heydər Əliyev adına Hərbi Liseyin kursantları olub. Komanda hesabında ikinci yerdə xüsusi təyinatlılar, üçüncü yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının atletləri qərarlaşıb. İlk üçlükdə qərarlaşan hərbi qulluqçu və komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Diplom və Fəxri fərmanla təltif ediliblər.