Naxçıvan-Ordubad turizm marşrutu

331

Turizm marşrutu regiona səyahət edən turislərin ərazi ilə tanış ola bilməsi üçün müəyyən bir istiqamət üzrə əvvəlcədən tərtib edilmiş bütöv bir tədbirlər planıdır. Belə bir marşrut regiona turistlərin cəlb olunmasına maraqlı olan firma və ya müəssisələr, bunlar olmadığı halda isə turistlərin özləri tərəfindən də işlənib hazırlana bilər. Turistlərin səyahət güzərgahı bəzən yerli əhalinin istifadə etdiyi yollarla eyni olsa da turizm marşrutu adi sərnişindaşıma marşrutu anlayışından tamamilə fərqlənir. Turizmin əsas motiv, tələb və xidmət standartları baxımından özünəməxsus xüsusiyyətləri vardır. Muxtar respublikamızın zəngin turizm ehtiyatları və turistlərin müxtəlif istiqamətlərdə hərəkəti üçün yaradılmış mövcud imkanlar əsasında təşkil oluna biləcək Naxçıvan-Ordubad turizm marşrutu olduqca maraqlıdır.

Ordubad tarixi Azərbaycan şəhəri olub, Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Naxçıvan şəhərindən təqribən 76 kilometr aralıda yerləşən bu şəhərə və ətrafındakı 43 kəndə Azərbaycanın təbiətinə, tarixinə, mədəniyyətinə və milli qonaqpərvərliyinə maraq göstərən xarici turistlər üçün maraqlı tur və ekskursiyalar təşkil etmək mümkündür. Qeyd etmək lazımdır ki, Ordubada turist cəlb olunması əvvəlcədən xüsusi xərc tələb edən tanıtım tədbirləri də tələb etmir. Ordubad hələ yaxın keçmişdən insanların yaddaşında bir turizm markası kimi özünə möhkəm yer tutub. Ordubadın yerləşmə mövqeyi, təmiz havası, suyu, iqlimi, təbii ehtiyatları, flora və fauna aləmi, yerli əhalinin həyat tərzi, adət ənənələri, məşğuluiyyəti, milli mətbəx nümunələri, rayonun iqtisadi imkanları, sahibkarlığın inkişaf səviyyəsi və sosial həyatı ilə birgə sintez olunaraq çoxlu sayda maraqlı turlar üçün mövzu ola bilər. Belə turların hazırlanıb həyata keçirilməsi, onların tanıdılması və ümumiyyətlə, turizmdən gözlənilən gəlirlərin əldə olunması isə bu istiqamətdəki marşrutların uzunmüddətliliyindən və onların kommersiya uğurundan asılıdır.

Araz çayının sol sahili boyunca ekzotik landşaf görüntüsünü seyr edən turistlərin gözü qarşısında şimal və şimal-şərq tərəfdən Ordubad şəhərini əhatə edən sərt sıldırımlı dağların mənzərəsi açılır: Naxçıvan-Ordubad turizm marşrutundakı əsas nöqtəsi isə Ordubad şəhəridir.

Ordubada daxil olarkən turistlərin marağını cəlb edən ilk gözəllik “Bəlkə” dağının və “Bərəkə” qayasının mənzərəsidir. Şəhərin mərkəzinə doğru irəlilədikcə burada müasirliyin və tarixi gözəlliyin sehrinə qapılmamaq mümkün deyil. Doğrudan da, Ordubad qeyri-adi bir şəhərdir. Şəhərin yerləşdiyi ərazinin landşaf quruluşu elədir ki, burada istənilən nöqtədə dayandıqda hansısa bir mənzərəni seyr etmək mümkündür. Tarixi binalar, muzeylər, məşhur adamların adı ilə bağlı yerlər, nəhəng Ordubad çinarları, qədim meydanlar-bütün bunlar şəhərlə tanışlıq üçün geniş mövzu verən turizm ehtiyatlarımızdır.

Şəhərlə ümumi tanışlıq proqramından sonra ekskursiyanıza çayxanalarda fasilə vermək mümkündür. Qeyd edək ki, istər çinar altındakı çayxanada, istərsə də “Dübəndi” istirahət məkanında belə bir fasilə saatını məzmunlu edə bilmək üçün kifayət qədər resurs vardır. Turistlərin məşhur Ordubad limonu, yerli mürəbbələrin geniş çeşidi ilə tanış ola bilməsi üçün bundan yaxşı fürsət ola bilməz. Doğrudan da Ordubadda dəmlənmiş samovar çayının ayrı ləzzəti var.

Ordubad öz iqliminə görə ilin bütün fəsillərində gözəldir. Ancaq şəhərin yaşıllıq içindəki mənzərəsi xüsusilə cəlbedicidir. Ona görə də Ordubada gələn turistlərin sayı çox olduqda çay fasiləsindən sonra onları istəklərinə görə bir neçə kiçik qruplara da bölmək olar. Şəhəri müstəqil gəzib-dolaşmaq, tarixi meydanlara baş çəkmək istəyənlər, yaxud da ətirli çaydan hələ də doymayanlar varsa, buyursunlar. Nahar fasiləsi zamanı isə Ordubad şəhərinin “Qoşaçinar”, “Şora çeşmə”, “Buzxana”, “Limon” və ya “Mənzərə” kafelərinin birində istədiyiniz milli yeməkləri sifariş verə bilərsiniz. Burada turistlərə günorta yeməyi üçün Ordubad mətbəxindən ləziz təamlar sifariş vermək olar. “Maş şorbası”, “Qayğanaq”, “Soğan dolması”, “Heyvaqələ”, “Farel balıq”, “Ordubad küftəsi” dadlı olduqları qədər başqa yerlərdə bu qayda ilə hazırlanmasına rast gəlməzsiniz.

Ölkəmizi tanıtmaq kimi turizmdən gəlir əldə etmək də əsas məqsədlərdən biridir. Pul qazanmaq üçün isə keyfiyyətli xidmət əsas şərtdir. Ordubadlı iş adamları bunu yaxşı bilirlər. Əgər turistlərimizi də düzgün seçə bilmişiksə, yəni onlar varlı ölkənin və gəlirli təbəqənin nümayəndələridirsə, onda rayon iqtisadiyyatına da yaxşı töhfə verəcəklər. Ona görə də günortadan sonra , yəni ətraf kəndlərdən müxtəlif məqsədlərlə şəhərə gəlmiş yerli camaat seyrəldikdən sonra turistlər üçün şəhərdəki hədiyyəlik əl işləri satılan mağazalara, adı dillərdə olan Ordubad quru meyvələri dolu bazar və digər ticarət obyektlərinə baş çəkməyin əsl vaxtıdır. Axşam saatlarına, Naxçıvan şəhərinə qayıdana qədər qoy turistlərimiz sərbəst gəzib-dolaşsın, bol-bol alış-veriş etsinlər.

Əli Cabbarov

“El həyatı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: