Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində noyabrın 8-də Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Nümayəndəlikdən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib ki, hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli–mənəvi irsi, böyük mənada, maddi və mənəvi mədəniyyət nümunələri ilə müəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental yaddaşdan qaynaqlanan milli–mənəvi dəyərlər hər bir xalqın kimliyini, kamillik səviyyəsini təcəssüm etdirməklə yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfə sayılır. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünütəsdiq faktıdır.
O qeyd edib ki, Azərbaycan Respublikasının dövlətçilik atributu, milli rəmzlərindən biri, bəlkə də birincisi olan üçrəngli milli bayrağımız müstəqil dövlətimizin, milli kimliyimizin başlıca göstəricilərindəndir. Üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qaldırılıb və 23 aydan sonra daxili çəkişmələr və xarici müdaxilə ilə zorla endirilib. Daha sonra bu bayraq uzun illər qadağan olunub, 1990-cı il noyabrın 17-də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində yenidən dövlət bayrağı kimi qəbul edilib.
Nümayəndəliyin rəhbəri deyib: “Bu gün, sözün əsl mənasında, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, ay-ulduzlu bayrağımız bu gün müasir Azərbaycanın müstəqillik rəmzinə çevrilib. Dövlətimiz və xalqımız üçün bu tarixi məsələdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin bildirdiyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Bəxtiyar Əsgərov vurğulayıb ki, üçrəngli bayrağımız Azərbaycan xalqının vicdan və qeyrət, namus rəmzinə çevrilib. Xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bu bayraq altında sıx birləşmiş, onu uca zirvələrə qaldırmış, müqəddəslik və şərəf rəmzi kimi üçrəngli bayrağımızın əbədi dalğalanmasına zəmin yaratmışdır. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalaması və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü ildə imzaladığı müvafiq Sərəncamla Naxçıvan Muxtar Respublikasında 17 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis edilməsi milli bayrağımıza dövlət qayğısının əməli təzahürü kimi qiymətləndirilməlidir.
Dövlətimizin başçısının bu Sərəncamı dövlət rəmz¬lərinə hörmət və ehtiramın ən bariz ifadəsidir. Çünki Azərbaycan xalqı milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşatmaqla, yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluğunu daim qoruyub. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Ona görə də bu gün dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının vətən qayğısına, millət duyğusuna çevrilib. Azərbaycan Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın paytaxtı Bakı şəhərində Bayraq Meydanı inşa edilib, burada Bayraq Muzeyi yaradılıb. Bu gün ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 22 avqust tarixində imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilib. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır… Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.
Nümayəndəliyin rəhbəri qeyd edib ki, bu gün ölkəmizin bütün bölgələrində dalğalanan bayraqlar sanki sıralanaraq durna qatarı kimi Qarabağa, Şuşaya, işğal edilən digər torpaqlara sarı qanadlanır, bizi Vətən uğrunda müqəddəs döyüşə haraylayır. Vətən və bayraq sevgisi qoşadır. Bu, bütün sevgilərin fövqündə dayanan hissdir. Bayrağımız Vətən adı çəkiləndə səcdəsinə əyildiyimiz müqəddəs varlığımızdır. Onu daim ucalarda tutub, müqəddəsliyinin keşiyində dayanmaq hər birimizin vətəndaşlıq borcudur.
Daimi nümayəndəliyin rəhbəri Azərbaycan Respublikasının tarixində baş vermiş daha bir əlamətdar hadisə -“Konstitusiya Günü” haqqında danışaraq bildirib ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin əsas Qanununu – böyük Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanı qəbul edib. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli konstitusiyası kimi tarixə düşüb. Yeni Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaradıb. “Əsas Qanunda Azərbaycanımızın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olunmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunub”, – deyə nümayəndəliyin rəhbəri qeyd edib. Bəxtiyar Əsgərov bildirib ki, bir neçə dəfə referendum yolu ilə dəyişiklik edilmiş əsas Qanunumuzun zaman keçdikcə, nə qədər güclü, kamil sənəd olduğu təsdiqlənib və o, demokratik sənəd kimi özünü doğrultmaqdadır. Bugünkü bayram möhkəm bünövrə və milli-mənəvi dəyərlər üzərində ucalan dövlətçiliyimiz üçün, onun demokratik mahiyyəti ilə ümumdünya dəyərlərinə sadiqliyi, xalqımızın öz həqiqətlərinin dünyaya bəyan edilməsinə qazandırmış olduğu imkanlar üçün çox önəmlidir.
Tədbir digər çıxışlarla davam etdirilib.