Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir

4. 086

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. İnsanların rahat yaşayışının təmin olunması, mühüm sosial infrastruktur tədbirlərinin həyata keçirilməsi ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Əldə olunan inkişaf və tərəqqiyə görə Naxçıvan Muxtar Respublikasında hər yeni il böyük ruh yüksəkliyi ilə qarşılanır.

NUHÇIXAN xəbər verir ki, yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyinin aparıcıları 2018-ci ildə muxtar respublikada inkişafın təmin olunması sahəsində görülən işlər, qazanılan uğurlar və həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Sonra Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, şən mahnılar səsləndirilib.

Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən 28 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Uşaqlardan Nəsrin Kərimova və Uğur Məmmədli Ulu Öndərimizə, ölkə Prezidentinə və Naxçıvana həsr olunmuş şeirlər söyləyiblər.

Naxçıvan şəhər sakini Firuzə Abdullayeva bayram təbriklərini çatdıraraq deyib: Bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Çünki ölkəmizdə, o cümlədən muxtar respublikada insanların yaxşı yaşaması qayğısına qalınır. Sakinlər inkişaf edən, tərəqqiyə qovuşan doğma Naxçıvanımızla qürur duyurlar.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: