Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start verilib

754

Azərbaycan Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start verib.

Mərkəzi Bankdan NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən Mərkəzi Banka verilmiş tapşırıqlardan biri də rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılmasıdır.

Bu tapşırığın icrası məqsədi ilə Mərkəzi Bank ölkə ərazisində nağdsız ödənişlərin genişləndirilməsinə, xüsusən də regionlarda əhali və təsərrüfat subyektləri arasında müasir bank texnologiyalarından istifadənin artırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Növbəti belə bir tədbir qlobal ödəniş texnologiyalarının liderlərindən biri olan “Mastercard” ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün stimullaşdırıcı kampaniyaların təşkil edilməsidir.

Muxtar respublikada təşkil edilən stimullaşdırıcı kampaniyaların təqdim edilməsi tədbirində çıxış edən muxtar respublikanın maliyyə naziri Səbuhi Məmmədov son illərdə muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, muxtar respublikada təsdiq edilmiş proqrama əsasən əhali arasında nağdsız ödənişlərin artırılmasına dövlət orqanları tərəfindən geniş dəstək göstərilir.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ilə Mərkəzi Banka verilmiş rəqəmsal ödənişlərin daha geniş tətbiqi tapşırığının icrası istiqamətində görülən işlər barədə məlumat verib. “Mastercard” beynəlxalq kart təşkilatı ilə birgə ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün institusional mühitin yaxşılaşdırılması, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində ötən il həyata keçirilmiş “Nağdsız Azərbaycan” layihəsi barədə danışıb. Onun sözlərinə görə, “Nağdsız Azərbaycan” layihəsi bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair təfsilatlı yol xəritəsini özündə ehtiva edir və layihənin yekunu kimi hazırlanmış “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə görüləcək işləri özündə birləşdirir.

A.Quliyev tərəfindən strateji yol xəritəsi ilə verilmiş tapşırığın icrası çərçivəsində hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən Ani Ödənişlər Sisteminin yaradılması üzrə Mərkəzi Bank tərəfindən görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, sistemin yaradılması ilə ödəniş xidmətlərinin fiziki və hüquqi şəxslər üçün hər yerdə, hər zaman əlçatan olmasına və əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilinməsinə nail olunacaq. A.Quliyev rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində planlaşdırılan ölkəmiqyaslı təbliğat və təşviqat tədbirləri barədə də məlumatı diqqətə çatdırıb.

Sonra “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar yerli bazarda uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə muxtar respublikada bu kampaniyanı həyata keçirməkdən fəxr etdiklərini vurğulayıb. O, çıxışında Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istədiklərini, son layihələri arasında əsas yeri “Mastercard” və Mərkəzi Bank tərəfindən birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan” layihəsinin tutduğunu bildirib. Erdem Çakar Mərkəzi Bankın təşəbbüsü ilə Bakıda keçirilən uğurlu kampaniyaları bölgələrə doğru genişləndirməyə və burada qlobal “world beyond cash” (“nağdsız dünya”) baxışlarını təqdim etməyə şad olduqlarını, həmçinin “Mastercard”ın rəqəmsal transformasiya və nağdsız cəmiyyət sahələrində Azərbaycanı regionun liderinə çevirmək məqsədilə dövlət orqanları ilə əməkdaşlıq etməsindən məmnunluq duyduqlarını diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: