Naxçıvan Müəllimlər İnstitunun yeni binası istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitunun yeni binasının açılışında iştirak edib.
NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisənin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.
Naxçıvan Müəllimlər İnstitunun yeni binasında yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.