Naxçıvan meyvələrinin tacı – Göycə

344

Naxçıvan Muxtar Respublikası tarixən əkinçiliyin inkişaf etdiyi, özünəməxsus bağçılıq ənənəsi və iqlim müxtəlifliyi ilə seçilən bir diyardır.

Tarixi mənbələrdə bu unikal diyarda bağçılığın üç min beş yüz  ildən çox tarixə malik olduğu qeyd edilir. Muxtar respublikanın əlverişli torpaq – iqlim şəraiti burada gözəl ətirə və ləziz tama malik olan meyvələr yetişdirilməsinə imkan verir. Bu cür meyvələrdən bir  də məşhur Naxçıvan göycəsidir. NUHÇIXAN məşhur Naxçıvan göycəsi ilə bağlı yazını sizə təqdim edir.

Hələ XV əsrdə yaşamış tarixçi səyyahların yazılarında qeyd olunur ki, Naxçıvanda olduğu qədər faydalı meyvə dünyanın heç bir yerində yoxdur. Burada yetişdirilən meyvələr təzə halda və qurudularaq daxili bazarlarda eləcə də xarici ölkələrdə satılırdı. Təbii ki, bu meyvələr sırasında göycə də əhəmiyyətli yer tuturdu.

Alça meyvələrini  erkən yetişmə vəziyyətinə gətirmək üçün naxçıvanlı bağbanlar  müxtəlif calaqlarla yeni bir meyvə – Göycəni  əldə ediblər. Göycənin meyvələri  iri, yetkin meyvəsinin ləti sulu və şirəli, lət hissəsi çəyirdəkdən tez ayrılan, dadlı və öz tamı ilə seçilən qiymətli bir nemətdir. Azərbaycanın bir çox rayonlarında becərilsə də  meyvəsinin dadına və keyfiyyətinə görə  “Naxçıvan göycəsi” daha məşhurdur. Bu sortun meyvəsi “göy” halda  yeyildiyi üçün ona göycə adı verilib.  O,  mayın ortalarında yeyilməyə başlamağına baxmayaraq, iyulun ortalarında yetişir.

Göycə ağacı çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir. Belə torpaqlarda göycə mütləq alçaya calaq edilməlidir.  Yaxşı məhsul verməsi üçün göycə qüvvətli və yumşaq torpaqlara  əkilməlidir. Əks halda onun məhsuldarlığından söhbət gedə bilməz.

Azərbaycanda və eləcə də Naxçıvan Muxtar Respublikasında göycə üçün ən münasib və qiymətli calaqaltı alçadır. Bundan başqa göycə üçün albuxara və gavalı da yaxşı calaqaltı ola bilər, lakin calaqdan alınan göycə ağacının ömrü az olur. Göycədə ən əlverişli calaq göz və yarma üsulları hesab olunur.

Naxçıvan şəhərinin məhəllələrində çox qədimdən həyatyanı sahələrdə yetişdirilən alma, göycə, alça, ərik, armud və s. meyvələr öz dadına, tamına, ətrinə və digər keyfiyyətlərinə görə bölgələrdə yetişdirilən meyvələrdən üstün hesab edilib və bu gün də həmin üstünlük saxlanılmaqdadır. Belə ki, öz dadına, ətrinə və tərkibindəki “C“ vitamininin miqdarına görə fərqlənən, yüksək alıcılıq qabiliyyəti olan göycə uzun illərdir ki, insanların sevimli meyvəsi olmaqla, Naxçıvanın adına şöhrət qazandırıb. Naxçıvanlılar  bir məhəllədə yetişən göycəni digərlərindən asanlıqla fərqləndirirlər. Çünki hər bir məhəllədə yetişən göycə fərqli olur.  Belə ki, ən üstünü-ardıcıllıqla “Çuxur məhəllə”si, “Xıncab məhəllə”si, “Sarvanlar məhəllə”si, “Əlixan məhəllə”si və “Şahab məhəllə”sində yetişdirilən göycə hesab olunur. Hazırda göycə muxtar respublikanın bir neçə  rayonunda və eyni zamanda ölkənin Gəncəbasar zonasında yetişdirilir. Amma bunlara baxmayaraq Naxçıvan şəhərində yetişdirilən göycənin əvəzi yoxdur. Aparılan tədqiqatlaradan sonra  göycə meyvəsi  tərkibində olan turşuluğun, qələviliyin və şəkərliliyin nisbətlərinə görə pəhriz meyvələr qrupuna  aid edilməlidir. Digər tərəfdən məhz kəhriz suyu ilə suvarılması  meyvənin nazik qabıqlı, kövrək olması və çəyirdəkdən tez ayrılması, şirinliyi və bu kimi xüsusiyyətlərində  az rol oynamayıb.

Göycə ağacı  cavan bar vermə dövründə çox budanmalıdır. Çünki meyvəvermə yaşına kimi onlara istənilən formanı vermək mümkündür.

Göycə ağacları birinci iki  ildə sürətlə böyüyüb yaxşı boy atırlar, üçüncü ildə məhsula düşür, 4-5 ci ildə məhsul verməyə başladıqdan sonra ağacların kökləri torpağın üst qatlarını tamamilə tutur və torpaq gübrələnmədikdə bu qat tezliklə qüvvədən düşür, məhsul azalır. Bunun üçün bağlara payızda, torpaq şumlanan dövrü 15-20 ton üzvi və hektara 250-300 kq fosfor, 150-200 kq kalium gübrələrinin verilməsi vacibdir.

Göycənin yaxşı məhsul verməsi üçün onu mütəmadi suvarmaq lazımdır. Quraq iqlimdə göycə bağları suvarılmadıqda, meyvələri keyfiyyətsiz olur. Ona görə də Naxçıvanda meyvələri yetişənə qədər göycəni 5-6 dəfə suvarırlar.

Göycənin meyvələri yetişməmiş halda daha çox istehlak edildiyindən həmin dövrdə də tələb artır, bazarda qiymət yüksəlir və məhsulun satışından daha çox gəlir əldə olunur.  Yığılmamış yetkin meyvələrdən isə kompot, cem, lavaşa hazırlanır. Göycənin yaxşı qurudulmuş yetkin meyvəsi öz dadı ilə seçilir.

Naxçıvanda aparılan təhlillərə görə bir hektar sahədən 40-45 ton keyfiyyətli məhsul  istehsal etmək mümkündür.  Muxtar respublika şəraitində yerli bazarlarda bir kiloqram göycənin qiymətini nəzərə alsaq,  hektardan 40-45 min manat gəlir əldə etmək mümkündür.

Son illər yerli əhali arasında bu istiqamətdə aparılan maarifləndirici işlər və göstərilən dövlət qayğısı bu sahəyə marağı artırıb. Artıq bir neçə ildir ki, Naxçıvanda “Göycə” festivalı təşkil olunur. Bu isə təkcə yerli sakinlərin deyil, Naxçıvana gələn əcnəbi turistlərin də bu aborigen meyvəyə olan marağını artırır və onun dünya səviyyəsində bir brend kimi tanınmasında  əhəmiyyətli rol oynayır.

 

                        Əsgər Həsənov

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat

                                                                           Nazirliyinin şöbə müdiri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: