Naxçıvan jurnalistləri ovsunladı

219

Ötən günlərdə Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin İğdırda keçirdiyi konfransdan sonra bir günlük Naxçıvanda səfərdə olduq. Gömrükdən başlayaraq səfər boyunca Naxçıvanda bizə böyük diqqət göstərildi.

Mən bu yerlərə bələdəm. Lakin ilk dəfə Naxçıvana gedən jurnalist həmkarlarım yol boyunca burada müşahidə etdikləri nizam-intizam qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Şəhər mərkəzinə çatdıqdan sonra Naxçıvan Dövlət Televiziyasının əməkdaşı bizi qarşıladı və gəzintilərimiz başladı.

1992-ci ildən sonra Naxçıvana tez-tez gedib-gəlirdim. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri başqa adam idi. Lakin sonradan cənab Vasif Talıbov Ali Məclisin Sədri seçildi. Mən inanmıram ki, heç bir lider ölkəsindəki nizamı Ali Məclisin Sədri cənab Vasif Talıbov qədər dəyişdirə bilsin. Şəhər mərkəzindəki Sovetdən qalma kobud binalar belə tamamilə yenidən qurulmuşdur. Sanki Naxçıvan yenidən inşa edilib. Park və xiyabanları, şəhərsalma quruluşu ilə göz oxşayan Naxçıvanda bizim təbirimizcə desək, “Gül güllə danışır”.

Sənətkarlıq və mədəniyyət baxımından da ən yüksək səviyyədə olan Naxçıvanda dəyərlərdən uzaqlaşmayıblar. Türklərə hər zaman qardaş münasibəti göstərilir. Hətta Türkiyədən olan sürücülər belə Naxçıvanda xüsusi diqqətlə qarşılaşdıqlarını hər fürsətdə etiraf edirlər.

Mənim ən çox diqqətimi çəkən məsələlərdən biri asayişdir. Biz Naxçıvana gedərkən orada keçirilən bal festivalında da iştirak etdik. Fotoaparatlarımız avtomobildə qalmışdı. Festivalı gəzib qurtardıqdan sonra avotmobilin yanına gəldik. Qapılar açıqdı və fotoaparatlara kimsə toxunmamışdı. Sürücüdən niyə qapını bağlamadığını soruşduqda o, “burda kimsə onlara toxunmaz. İstəsən avtomobilinin qapısını açıq qoyub yata da bilərsən” dedi. Bu hadisəyə şahid olduqdan sonra keçmiş Avropa səyahətlərimdən birini xatırladım. 2000-ci illərdə Almaniyaya getmişdim. Holandiyada yaşayan bir həmyerlim təkidlə məni ora dəvət etdi. Qardaşımın avtomobili ilə Hollandiyanın Den Haaq şəhərinə getdik. Avtomobilimizi dayanacaqda saxlayanda bizi qonaq edən dostum “avtomobildə mühüm əşyalarınızı qoymayın, yoxsa oğurlayarlar” demişdi. O zaman biz Avropanın göbəyində tez-tez maşınlardan oğurluq edildiyini öyrəndikdə xeyli təəccüblənmişdik. Bir də indi Naxçıvanda qapıları açıq qalsa belə avtomobillərə kimsənin toxunmadığının, oğurluq edilmədiyinin şahidi olduqda çox təəccübləndik və qəribəmizə gəldi.

Naxçıvanda sənaye və kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Kəndlərdə çayxanalar yoxdur. Hər kəsə torpaq verilib və insanların işləyib pul qazanması üçün geniş imkanlar yaradılıb. Aqrar sahəyə bağlı sənaye istehsalı dəstəklənir. Bəzi məhsulların xaricdən idxalı qadağan olunub. Çünki Naxçıvanda  əhalinin tələbatından artıq məhsul istehsal olunur.

Naxçıvan tikinti sektorunda mühüm mərhələ keçərək gözəl işlər ortaya qoymuşdur. Orada təhsilə xüsusi önəm verirlər. Əvvəl tibb fakültəsi olmayan Naxçıvan Dövlət Univeristetində bu gün müalicə işi, diş həkimi və əczaçılıq ixtisasları üzrə təhsil verilir. Tələbələr qarşılıqlı mübadilə əsasında Türkiyə universitetlərində də təhsil alırlar. Jurnalistika ixtisasının tələbələrinin istifadəsinə ən son texnologiyalara əsaslanan media mərkəzi verilib.

Düşünürəm ki, memarlıq və incəsənət ixtisasları üzrə Naxçıvanda və bütövlükdə Azərbaycanda təhsilinin səviyyəsini hər hansı bir yerlə müqayisə etmək düzgün deyil.

llərdir Naxçıvana gedib-gəlirəm. Orada duz dağının olduğunu bilirəm. Hətta beş ulduzlu Duzdağ otelində də bir neçə dəfə qalmışam. Lakin astma xəstələrinin müalicə olunduğu Duzdağ Fizioterpiya Mərkəzinə getməmişdim. Səfər zamanı ora da baş çəkdik. Həqiqətən heyran qaldım. Bu müalicə mərkəzində gördüyüm şəraiti yaradanları təbrik edirəm.

Son vaxtlar Naxçıvana az gedirik. Səbəbini bilmirəm. Ama onu bilirəm ki, Naxçıvan əhalisi bizim qardaşımızdır. Ora xarici bir ölkə deyil. Əkiz qardaşımızdır. Bölgənin inkişafı üçün Naxçıvanla sıx əməkdaşlıq etmək lazımdır. Bu əməkdaşlıq da ancaq tez-tez səfər etməklə olur. Bizim prezidentimiz seçkilərdən sonra ilk səfərini Azərbaycan edirsə, biz də hər fürsətdə Naxçıvana gedib-gəlməliyik.

Biz jurnalistlər olaraq getdik. Geri qayıtdıqdan sonra səfərin qısa olduğu və bir gün də qalmaq gərəkdiyi barədə söz-söhbətlər qulağıma çatdı. Gələcəkdə onu da edərik. Media nümayəndələri arasında qarşılıqlı əlaqələrin qurulması planlaşdırılır. Bu planlarımız gerçəkləşdikdən sonra tez-tez Naxçıvana səfər edəcəyik. Tövsiyyə edirəm ki, iş adamları da gedib Naxçıvanı bir neçə dəfə incələsinlər.

İsmail Aras

“Güvən” qəzeti,

İğdır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: