Naxçıvan folklorunun özünəməxsus cəhətlərini tədqiq etmək baxımından qiymətli mənbə

167

Bədii söz sənətimizin misilsiz inciləri olan mənəvi sərvətlər içərisində şifahi xalq ədəbiyyatımız – folklorumuz özünəməxsus yerə və qədim tarixi köklərə malikdir.  Etnoqrafik materialları və folklor nümunələri ilə zəngin olan Naxçıvanda folklor örnəklərinin toplanması işi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra sistemli şəkil alıb. Müxtəlif dövrlərdə yaradılmış xalq ədəbiyyatı nümunələrinin toplanılaraq nəşr olunması işinə dövlət səviyyəsində diqqət yetirilməsi xalqımızın tarixi sayılan folklor nümunələrinə əbədi həyat verilməsi deməkdir.

Muxtar respublikamızda folklor örnəklərinin araşdırılması, öyrənilib gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyan işlərdən biri də bu faktların və folklor örnəklərinin kitab şəklində nəşr olunmasıdır. Elə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları tərəfindən muxtar respublikamızın Şərur bölgəsindən toplanılıb işıq üzü görən “Şərur folklor örnəkləri” kitabının əhəmiyyəti nəzərə alınaraq təkrar nəşr edilməsi də bu mühüm mərama xidmət edir.

Kitab AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu, həmin institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova və Gülnurə Canməmmədovanın, həmçinin Fəridə Kərimovanın topladıqları folklor materialları əsasında hazırlanıb. Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Akif İmanlıdır.
“Şərur folklor örnəkləri” kitabında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yaşayan əhalinin müxtəlif dövrlərdə yaratdığı, əsrdən-əsrə, nəsildən-nəslə keçərək zəmanəmizə qədər gəlib çıxan şifahi xalq ədəbiyyatı nümunələri öz əksini tapıb. Folklor nümunələrinin toplayıcıları Şərur şəhəri və rayonun 15-dən çox kəndində olublar. Buranın sinəsi dolu nənə və babalarından dünyanın yaranması, sonu, tayfa və nəsil adları, ziyarətgahlar və sair haqqında geniş məlumat, müxtəlif mövzulu mif, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözləri, bayatı, gülümey, haxışta, layla, nazlama nümunələri toplayıblar. Bu nümunələr xalqımızın dünyagörüşünü, mədəniyyətini, adət-ənənələrini və milli mentalitetini özündə ehtiva edir.
Günümüzə qədər gəlib çıxmış bir çox ağız ədəbiyyatı nümunələri qədim dövrdən başlayaraq zaman-zaman xalqımızın həyat və məişət tərzini, mübarizəsini, yaşadığı və yaratdığı tarixini göz önündə canlandırır. Bu mənada, dastan, nağıl, lətifə, inanc və etnoqrafik nümunələr ilə zəngin olan kitabda yer alan folklor materiallarının insanların həyata baxışını öyrənmək işində elmi-tarixi əhəmiyyəti var. Folklor nümunələri ideya-məfkurəvi, əxlaqi, bədii və tərbiyəvi dəyərləri ilə yanaşı, insanın estetik zövqünün yüksəlməsinə təsir edən misilsiz ədəbi xəzinədir.
Kitabda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında folklor nümunələri və etnoqrafik materialların toplanması üçün əlverişli şərait vardır. Bu şəraitin yaranmasında dövlət əhəmiyyətli tədbirlər və qəbul edilmiş rəsmi sənədlər mühüm rol oynayır. Xüsusi dövlət qayğısı şəraitində toplanan Şərur örnəkləri Naxçıvan folkloru ilə bağlı təsəvvürümüzü daha da dolğunlaşdırır və bir sıra qaranlıq məqamlara müəyyən qədər işıq salır. Onlardan biri də Novruz çərşənbələri ilə bağlıdır.
Bildiyimiz kimi, son vaxtlara qədər az qala yekdil olaraq ilin son çərşənbələrini bu ardıcıllıqla bayram edirdik: su, od, yel, torpaq çərşənbələri. Bu “yekdillik” xalqın özündənmi, yoxsa folklorşünaslardanmı gəlir? Həmin məsələyə aydınlıq gətirilən nəşrdə vurğulanır ki, xalqın özündə hər hansı folklor faktına yekdil münasibət mümkün deyil. O mənada ki, çoxvariantlılıq folklorun təməl xüsusiyyətlərindəndir. Yalnız bir variantda təqdim olunan, başqa variantlarına təsadüf edilməyən mətnin folklor nümunəsi olması şübhə doğurur. Novruz bayramına da “böyük bir mətn” kimi baxsaq, unutmamalıyıq ki, onun müxtəlif bölgələrdə qismən fərqli məzmunda ortaya çıxması tamamilə təbiidir. Fərqlər isə çərşənbələrə verilən adlarda, çərşənbələrin sayında və ardıcıllığında özünü daha çox göstərir. Bayram edilən çərşənbələr bəzi bölgələrimizdə sayca dörd yox, beş və ya yeddi çərşənbədən ibarət olur. Belə olan halda aydınlaşır ki, çərşənbələrin su, od, yel, torpaq çərşənbəsi ardıcıllığının yekdilliklə qeyd edilməsi xalqın özündən çox folklorşünaslardan gəlir. Folklorşünaslar özlərinin müəyyənləşdirdiyi su, od, hava və torpaq ardıcıllığını mətbuatda, radio və tele­viziyada durmadan təbliğ etdikdən bir müddət sonra bu ardıcıllıq şüurlara hakim kəsilməyə, əksəriyyət tərəfindən qəbul olunmağa başlayır. Yaxşı ki, mətbuatın, radio və televiziyanın təbliğatına baxmayaraq, çərşənbələrə fərqli yanaşma xalq arasında az-çox müşahidə olunmaqdadır. Belə yanaşmaların səciyyəvi bir nümunəsinə Şərur bölgəsindən toplanmış etno­qrafik materiallar arasında rast gəlinir: “Mart dört həfdədi. İlin dört cərməsi sınır o dört həfdədə. Bu dört cərmənin birincisi suya düşür, suyun dört buzu açılır. İkinci cərmə küləyə düşür. Onda bayram ayında həfdəynən küləy əsir, yeri, göyü pak eliyir. Üçüncü cərmə torpağa düşür. Belə baxırsan, dağdan-daşdan, ­dərədən-filannan öz-özünə buğ çıxır. Dördüncü cərmə oda düşür ki, bu vaxt Peyğəmbərə od yandırırıx”.
Aparılan araşdırmaların nəticəsində qədim yaşayış məskəni olan Naxçıvanda çərşənbələr bu ardıcıllıqla adlandırılmışdır: SU-TORPAQ-YEL-OD.
Naxçıvan və Naxçıvanətrafı bölgələrin folklor örnəkləri sırasında adları xüsusi olaraq çəkilən haxışta və gülümeylər barədə məlum təsəvvür ondan ibarətdir ki, bu örnəklər bayatılar əsasında yaranır, adətən, qızlar tərəfindən söylənir. Kitabdakı Şərurdan toplanmış yeni materiallar məsələyə bir az da aydınlıq gətirmiş olur: “Gülümeylər və haxıştalar ən çox qızlar məclisində, məsələn, xına gecələrində, toylarda, bayramlarda deyilir. Gülümey budu ki, aparıcı qız bir misra deyir. Yerdə qalan qızlar xorla “a gülüm ey, a gülüm ey” deyirlər:

Bağda alma, nar üzər,
Ay gülüm ey, a gülüm ey.
Süfrəyə noğul düzəy,
Ay gülüm ey, a gülüm ey.
Bu gün Şərurda toydu,
Ay gülüm ey, a gülüm ey.
Oynuyax, yallı gedəy
Ay gülüm ey, a gülüm ey.

Şərur bölgəsində müxtəlif mövzulu atalar sözü və məsəllərə rast gəldiklərini də qeyd edən tədqiqatçılar bildirirlər ki, bu bölgənin bayatıları folklor janrları içərisində ən işlək olanlardandır. Hər bir evin ağbirçək və ağsaqqalı bir neçə bayatını əzbərdən söyləməyi bacarır. Məlumdur ki, bayatılar da daxil olmaqla, digər folklor nümunələri də istənilən dövrün tarixi hadisələrini o dövrdə yaşamış insanların yaddaşı vasitəsilə gələcək nəsillərə ötürür.
Naxçıvanın digər bölgələrində olduğu kimi, Şərurda da müxtəlif inanclara rast gələn tədqiqatçılar özünün mifoloji əsası, qədimliyi ilə diqqəti cəlb edən bu inanclardan bəzilərinə nəzər salırlar. Həmin inancların hər birinin araşdırılması türk xalqlarının mifologiyasından xəbər verir. Kitabda bu barədə ətraflı qeydlər var. Onlardan Şərur inancları içərisində astana ilə bağlı inanclar da diqqəti cəlb edir.
Araşdırmalarda dinlə bağlı əhvalatları, dini inancları əks etdirən folklor nümunələrinə daha çox rast gəldiklərini bildirən tədqiqatçılar onu da vurğulayırlar ki, bölgənin folklor nümunələri içərisində çoxlu sayda mifoloji mətnlər, əfsanə və rəvayətlər də vardır. Bu mətnlər digər türk xalqlarında mövcud olan mətnlərlə də səsləşir. Onlar arasında oxşar mövzular çoxluq təşkil edir. Ancaq bununla belə, Naxçıvanın tarixini, qədimliyini özündə əks etdirən folklor mətnləri də az deyildir.
Şərurdan toplanan xalq ədəbiyyatı nümunələri bölgənin zəngin folkloru haqqında aydın təsəvvür yaradır. Həmin nümunələrin araşdırılması, ayrı-ayrılıqda tədqiqata cəlb olunması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan “Şərur folklor örnəkləri” kitabı Naxçıvan folklorunun özünəməxsus cəhətlərini və digər bölgələrimizlə fərqli xüsusiyyətlərini tədqiq etmək baxımından tutarlı mənbə olmaqla bərabər, dil faktlarının da üzə çıxarılması və öyrənilməsində dəyərli tədqiqat əsəridir.

 Ramiyyə ƏKBƏROVA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: