Naxçıvan duzunun orqanizmə təsiri
İnsanlar xörək duzunu çox qədimdən yüksək qiymətləndiriblər. Bəzən duz qızıl və gümüşə bərabər götürülürdü. O, xeyir və gəlir simvolu idi, onunla ödəmələr aparılırdı. Duzun daşınması böyük çətinliklər törədir, onun qıtlığı hətta müharibələrə səbəb olurdu. Yalnız son dövrlərdə sənaye və nəqliyyatın inkişafı və duzun şaxta üsulu ilə çıxarılması bu qiymətli mineral xammala olan tələbatın ödənməsini asanlaşdırdı.
Natrium xlorid – xörək duzu əsasən yer qabığında, dəniz, okean və göl sularında yayılmışdır. Xörək duzu ən zəruri qida vasitələrindən biridir. Hər il on milyon tonlarla daş duz çıxarılsa da, duza olan tələbat qida sənayesində və kimyəvi xammal kimi xalq təsərrüfatının digər sahələrində durmadan artır. Soda, xlor, xlorid turşusu kimi qiymətli məhsulların alınmasında natrium xloriddən ilkin xammal kimi istifadə olunur. Kolbasa, pendir, ət, balıq, tərəvəz konservləri istehsalı çox miqdarda duz tələb edir. Un məmulatları və çörəyin tərkibindəki duz son nəticədə süfrəmizə və qidamıza daşınır.
O da məlumdur ki, təsərrüfatlarda ev heyvanlarının yeminə duz əlavə edilir ki, onun da bir hissəsi ət və süd məhsulları vasitəsi ilə yenidən bizim qidamıza daxil olur. Canlı orqanizmlərin maddələr mübadiləsində xörək duzunun əsas tərkib hissəsindən biri olan natriumun rolu çox böyükdür. Onun birləşmələri qanın tərkibinə daxil olur, osmotik təzyiqin tənzimlənməsinə, su balansının saxlanılmasına kömək edir və nəhayət tarazlığı tənzimləyir. Bu kimyəvi element həmçinin hormonların yaranmasına təsir edir, orqanizmlərin bioloji məhlullarının sabit səviyyədə saxlanmasına və toxumalarda bu növ sistemlərin əmələ gəlməsinə xidmət edir. Maddələr mübadiləsi zamanı natrium və kalium qarşılıqlı əlaqədə olduqlarından qəbul edilən qidada onların miqdarı tarazlaşdırılmalıdır. Orqanizmə zəruri olan natriumun əsas mənbəyi isə xörək duzudur. Deməli canlı orqanizmlərin inkişafında natrium xloridin çox böyük əhəmiyyəti var. Sevindirici haldır ki, Naxçıvan Muxtar respublikasında mövcud olan daş duz yataqlarında kalium xloridin və maqnezium xloridin miqdarı çox azdır. Müəyyən edilmişdir ki, Naxçıvan yataqlarından çıxarılan duzun tərkibində natrium xlorid 93-95 %, həll olmayan quru qalıq isə 5% təşkil edir. Bu da doğma diyarımızın mineral sərvətinin qiymətini artırır, onun qida sənayesində istifadə imkanlarını genişləndirir.
İnsanın qanında bir faizə qədər natrium xlorid var və demək olar ki, əksəriyyətimizin qanında məhz Naxçıvan duzu dövr edir. Dadına və kimyəvi tərkibinə görə Naxçıvan duzu yalnız ölkəmizdə deyil, dünyada ən yaxşı duz hesab edilir. Uzun illərdir ki, Naxçıvan duzu ölkəmizin əsas duz yatağı kimi şöhrət tapmışdır. Naxçıvan Muxtar Respublikasında bu mövzuda geniş tədqiqatlar aparan mərhum professor Mehdi Sultanov “Azərbaycan – uzunömürlülər diyarı” kitabında göstərmişdir ki, Naxçıvan duzu orqanizmə müsbət təsir göstərir. Professor Mehdi Sultanovun fikrincə, hipertoniklərə məhz Naxçıvan duzu, onun da müəyyən normada işlədilməsi məsləhətdir. Bu doza 5-6 qramı aşmamalıdır. İnfarkt-miokard hallarında bütün xörəklər az duzlu hazırlanmalı, qida məhsulları ilə 2-3 qram duz qəbul edilməlidir.
Orqanizmə normada qəbul ediləndə dost, normadan artıq qəbul ediləndə isə düşmən olan duz haqqında böyük Pliniy yazmışdır: “Bu maddə bəşər övladına o qədər zəruridir ki, hətta ruhən alınan zövq belə insana duzdan yaxşı təsir edə bilməz. Bu, iti ağlın bütün təzahürlərinə verilən ən yaxşı addır. Həyatda və təbiətdə onun çatışmaması da, artığı da zərərlidir”. Duzdağda aparılan arxeoloji qazıntılar Naxçıvanda yeddi min il bundan əvvəl duzdan geniş istifadə edildiyini söyləməyə imkan verir. Duzdağdan əldə edilən maddi-mədəniyyət nümunələri yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə yalnız Naxçıvanda çıxarıldığını sübut edir.
Əminik ki, apardığımız araşdırmaların genişləndirilməsi gələcəkdə Naxçıvan duzunun tarixi ilə bağlı yeni faktların aşkar olunmasını təmin edəcək, Naxçıvan duzunun fiziki-kimyəvi keyfiyyətlərinin öyrənilməsi onun müalicəvi əhəmiyyətini daha da artıracaq və bu, insanların sağlamlığının mühafizə olunmasına xidmət edəcəkdir.
Fizzə Məmmədova
Kimya üzrə fəlsəfə doktoru, dosent