Naxçıvan Duzdağı “Yevronyus” telekanalında - YENİLƏNİB-VİDEO
Xəbər verdiyimiz kimi, dünyaca məşhur “Yevronyus” telekanalı Naxçıvanın tarixi-mədəni irsini və turizm imkanlarını əks etdirən tanıtım videosüjetlərinin yayımına başlayıb, Möminə Xatın türbəsi, Haçadağla bağlı reportajların ardınca telekanalın rus dilli versiyasının saytında Duzdağ barədə “Azərbaycan açıqcaları-Duzdağ dağının sirri” başlıqlı videoreportaj da yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, “Yevronyus” əməkdaşları Qalina Polonskaya və Pol Tunin ötən ay Naxçıvana səfər edərək bu qədim diyarda çəkilişlər aparıblar. 12 xarici dildə yayım aparan və dünyada milyonlarla izləyicisi olan “Yevronyus”un bu dəfəki reportajı və məqaləsi Duzdağa həsr olunub. Vurğulanır ki, burda milyonlarla ton duz ehtiyatı var. Naxçıvan şəhərindən 14 km aralıda yerləşən Duz dağı müalicəvi xüsusiyyəti olan təbii xəzinədir. Hələ qədim İpək yolunun mövcud olduğu vaxtlar burda daş duz çıxarılırdı. 20-ci əsrdən isə Duzdağın lağımlarını astma kimi tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün istifadə etməyə başlayıblar. Duzun iyi artıq içəri girən kimi hiss olunur. Amma müalicə effektini almaq üçün ən azı 5 saat burda qalmaq lazımdır.
Duz mağaraları istənilən beşikdən yaxşı yuxu gətirir. Turistlər üçün isə giriş pulsuzdur. Nuhçıxan İnformasiya Agentliyi xəbər verir ki, izləyicilərin böyük marağına səbəb olan və internet üzərindən minlərlə izləyici tərəfindən baxılan reportajda “Duzdağ” fizioterapeya mərkəzinin baş həkimi Zülfiyə Həsənova mərkəz haqqında məlumat verərək deyib ki, bu yer təkcə tənəffüs orqanlarının xəstəliklərini müalicə etmir, biz onun dəriyə faydalı təsirini də müşahidə etmişik. Məsələn, siz bunu mənim timsalımda da görə bilərsiniz.
Süjetdə Duzdağ oteli və Duz muzeyinin də fəaliyyətinə nəzər salınır.