NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi “Gənclərdə büdcə savadlılığı” layihəsinə start verib. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində olub.
Kollecin iclas zalında keçirilən təlimə “Mühasibat uçotu”, “Bank işi”, “Rabitə qovşaqları və kommunikasiya sistemləri” və digər ixtisaslar üzrə 100-dən çox tələbə cəlb olunub.
İştirakçılara “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanan təlim materialı təqdim olunub və “Ailə büdcəsinin tərtibi və onun tətbiqi” mövzusunda məlumat verilib.
Sonuncu mərhələdə isə tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ təşkil olunub. Bu mərhələdə 3 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə görə müvafiq fərqləndirici sertifikatlar, eyni zamanda qalib komandanın hər bir üzvünə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
Həyata keçirilən layihənin əhatə dairəsinin artırılaraq digər təhsil müəssisələrində də keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Novruz Məmmədov