NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin ölkəmizin 2018-ci il üçün “Gənclər Paytaxtı” seçilməsi münasibətilə Naxçıvan şəhərində noyabrın 26-da “Belarus Gəncləri Günü” keçiriləcək.
İki ölkənin gəncləri arasında daha sıx əlaqələrin yaradılması və yeni layihələrin həyata keçirilməsi məqsədilə keçiriləcək görüş Bakı şəhərindən start götürəcək. Ardınca muxtar respublikada olacaq Belarus gəncləri bir sıra tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində Belarus gənclərin Naxçıvan şəhərindəki muzeylərə, tarixi abidələrə gəzintiləri təşkil ediləcək. Ekskursiyalardan sonra isə Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində muxtar respublika gəncləri ilə Belarus gəncləri görüş zamanı Belarus xalq yaradıcılığı nümunələri, muxtar respublikanın xalq nümunələrini əks etdirən sərgilər təşkil olunacaqdır. Həmçinin muxtar respublikanın turizm potensialını tanıdan stent də nümayiş olunacaq.
Eləcə də qonaqların iştirakı ilə hər iki ölkənin musiqi mədəniyyətini təbliğ edən bir-birindən maraqlı mahnılar və musiqilər səsləndiriləcək .
Röyal Kərimov