NUHÇIXAN xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən müşavirədə payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və qarşıda duran vəzifələrdən ətraflı bəhs olunub.
Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək bildirib ki, sərnişinlərin rahatlığının, uçuşların aviasiya təhlükəsizliyinin təmin olunması məqsədilə ayrı-ayrı xidmət sahələrinin işinin tənzimlənməsi, mövsümə hazırlıqla bağlı mal-material, həmçinin ehtiyat hissələrinin alınmasına start verilib. Hava limanının qazanxana kompleksində istilik şəbəkəsinin, nasos stansiyalarının, nəzarət ölçü cihazlarının yoxlanılması diqqət mərkəzində saxlanılır. Xüsusi avtonəqliyyat xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi ehtiyat hissələrinin alınması, sürücülərin bilik səviyyəsinin yoxlanması, texnikalardan düzgün və təyinatı üzrə istifadə qaydalarına əməl olunması məqsədilə maarifləndirmə işləri davam etdirilir.
Qeyd olunub ki, ən vacib məsələlərdən biri soyuq havalarda hava gəmilərinin uçuş-enmə zolağına təhlükəsiz enib-qalxmasının təmin olunmasıdır. Aerodrom təminatı sahəsi bu istiqamətdə ardıcıl hazırlıq işləri aparır. Aerovağzal kompleksi və yardımçı binaların uçuş-enmə zolaqlarının işıqlandırma sistemlərinin yoxlanması reqlamentə uyğun aparılır. Uçuşların elektrik-işıq texnikası ilə təminatı xidmətinin mühəndis-texnik heyəti mövsümə hazırlıqla əlaqədar maarifləndirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Məhəmməd Fərəcov