Naxçıvan balının süzüm vaxtıdır

374

Naxçıvan balı öz dadı, iyi, orqanoleptik xüsusiyyətləri və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə də yaxşı tanınır və yüksək qiymətləndirilir. Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, 2017- ci ilin noyabr ayında keçirilən arıçılıq məhsulları festivalına 264 arıçı tərəfindən 13 min 714 kiloqram süzmə, 2 min 222 kiloqram şan bal, 630 qram arı südü, 512 kiloqram mum, 99 kiloqram vərəmum, 50 kiloqram çiçək tozu, 18 kiloqram güləm, ballı biskvitlər və içkilər çıxarılmışdı. Babək rayonunda da elə bir kənd tapmaq olmaz ki, orada arıçılıqla məşğul olan sahibkar olmasın. Rayonun xüsusən Yuxarı və Aşağı Buzqov, Gərməçataq, Göynük kimi kəndlərində arıçılığın inkişafı üçün potensial baza mövcuddur. Buna görə də Babək rayonundan və muxtar respublikanın digər bölgələrindən olan arıçılar arı ailələrinin köçürülməsi zamanı əsasən bu kəndlərə üstünlük verirlər.

Bəs bal süzümünü nə vaxt, necə aparmalıyıq?

Bal-müalicəvi və bakterisid xüsusiyyətlərinə görə əvəzsiz nemətdir. O, təbabətin aciz qaldığı bəzi xəstəliklərin müalicəsində effektli müalicə vasitəsidir. Amma bu zaman balın keyfiyyəti mühüm əhəmiyyət daşıyır. Balın keyfiyyəti isə onun nəmliyi (rütubətliliyi) və yetişmiş olması ilə sıx əlaqədardır. Balın nəmliliyi onun 100 qramında olan suyun miqdarıdır. Yetişmiş balda rütubətlilik 18-21 faizdən artıq olmamalıdır. Əks halda bal isti yerdə saxlanıldıqda qıcqırar və fayda əvəzində zərər verə bilər. Deməli, balı elə vaxt süzməliyik ki, nəmliyi artıq olmasın. Bunu müəyyən etmək üçün xüsusi laboratoriya şəraiti lazım deyil, süzmək üçün götürülən şanın üzərindəki balın üçdə iki hissəsi möhürlüdürsə, deməli, rütubətlilik normaldır. Belə şanlar süzülə bilər. Nektarın bal halına gələrək yetişməsi üçün təxminən üç həftə lazım gəldiyini nəzərə alsaq bilərik ki, balı əsas gəlir dövrünün bitməsindən 18- 20 gün sonra süzmək lazımdır.Yox, əgər hər hansı səbəbdən arıçı rütubətliyi yuxarı olan balı süzübsə, onda süzülmüş balı böyük ləyənlərə töküb ağzı açıq saxlamalıdır ki, balın içərisindəki artıq su buxarlansın. Qıcqırmış balı müəyyən etmək də çətin deyil. Belə baldan hava qabarcıqları çıxır, xoşagəlməz iyə malik olur. Bu xüsusiyyətli balı qida məhsulu kimi istifadə etmək orqanizm üçün təhlükəlidir.

Süzüləcək şanlar nə vaxt və necə götürülməlidir?

Şanların götürülməsi üç nəfərlə həyata keçirilir. Süzüləcək şanlar adətən günün ikinci yarısında götürülür. Çünki bu zaman uçuş arılarının çoxu gəlir dalınca getmiş olur ki, bu da pətəkdə arı sayının minimum olması deməkdir. Şanlar götürülməzdən əvvəl pətəklərə tüstü verilir.

Əvvəlcə 1-2 ballıgüləmli şan pətəkdə ayrıca qoyulur ki, arıların payız-qış yemi kimi pətəkdə qalsın. Sonra növbə ilə yuxarı tərəfdən dörddə bir hissəsi möhürlənmiş şanlar götürülür.

Bal süzümü yerinin hazırlanması və balın süzülməsi

Bal süzümü xüsusi hazırlanmış örtülü yerdə aparılmalıdır. İçəridə temperatur 25-30 dərəcə olmalıdır ki, şandakı bal yaxşı süzülə bilsin. Balsüzəni elə yerləşdirmək lazımdır ki, onun fırlanma dəstəyi arıçının işləməsinə mane olmasın. Bal süzüldükdən sonra şanların əyrilikləri əllə, yaxud yeşiklərin kənarına tıqqıldatmaqla düzəldilir və arı ailələrinə təkrar vermək üçün boş yeşiklərə yığılır.

Balın qablaşdırılması və saxlanması

Bal süzülərkən yığılacaq qabın ağzına süzgəc qoyulur ki, içərisinə digər maddələr keçməsin. Süzülmüş bal əvvəlcədən hazırlanmış, təmiz və quru alüminium bidonlara yığılır (qədimdə bu qabları mis qazan və saxsı küp əvəz edirdi) və sərin yerdə saxlanılır. İki gündən sonra balın içərisindəki kənar maddələr (mum, vərəmum, arı sürfələri və digər mexaniki qarışıqlar) üzə qalxır. Arıçı bir neçə dəfə kəfgirlə həmin qarışıqları götürüb ayrıca qaba yığır. Onu arıya yem kimi saxlayır və ya digər məqsədlər üçün istifadə edirlər. Bir neçə gündən sonra qarışıqlardan təmizlənmiş bal əmtəəlik(satılmaq üçün) bal hesab olunur.  Əgər arıçı əmtəəlik şan bal götürmüşsə, onda həmin şanı müşəmbəyə bükməli və sərin yerdə saxlamalıdır. Şanı bükərkən ehtiyatlı olmaq lazımdır ki, o zədələnsə, həmin  yerdən bal axacaq və şanın estetik görünüşü pozulacaq.

Süzülmüş şanları yenidən arı ailələrinə qaytaranda  müşahidə aparılmalıdır. Əgər arılar narahatçılıq yaratmırlarsa, şanları istənilən vaxt vermək olar. Şanları axşamüstü vermək daha məsləhətlidir.

Saxlanılmış balın xarlanması

Keyfiyyətli bal xarlanarmı? Xarlanmış bal yaxşıdır, yoxsa xarlanmamış? Balın xarlanması onun keyfiyyətinə təsir edirmi? Bir çoxları düşünür ki, balın xarlanması onun keyfiyyət göstəricisinin aşağı olması və təbii olmaması ilə əlaqədardır. Elə bu səbəbdən də əksər insanlar xarlanmış bal almaqdan imtina edirlər. Əslində isə balın xarlanması tamamilə təbii prosesdir və tərkibindəki çiçəklərdən, saxlanma şəraitindən asılı olaraq gec və ya tez baş verir. Bu nəticəyə gələ bilərik ki, əksinə, xarlanmış bal daha keyfiyyətli və təbiidir. İnsan orqanizminə sonsuz faydaları olan gözəl nemət – bal haqqında ətraflı informasiya əldə etməliyik ki, faydalarından da daha səmərəli və düzgün şəkildə yararlana bilək.

Natiq MƏMMƏDOV

 Cəhri kənd 1 nömrəli tam orta məktəbin biologiya müəllimi, arıçı

“Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: