Naxçıvan-Bakı-Naxçıvan marşrutunda axşam reysləri fəaliyyətə başlayıb - VİDEO

1. 602

Yanvarın 10-da Naxçıvan şəhərindəki avtovağzal kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayıb.

NUHÇIXAN xəbər verir ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi istifadəyə verilib. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. Beş yaşından 10 yaşınadək olan uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür. Bu gün Bakı şəhərinə ilk reyslə 10 sərnişin yola salınır.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılıb. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Avtovağzalda olarkən Bakıya yola düşən sərnişinlərə yaxınlaşıb fikirlərini öyrəndik.

Türkiyə vətəndaşı Yılmaz Özcan: “İşimlə əlaqədar olaraq Bakı şəhərinə tez-tez gedib gəlirəm. Naxçıvandan Bakıya avtobusla gecə reysinin həyata keçirilməsi mənim kimi iş dalınca yollananlar üçün həm vaxta qənaət, həm də rahatlıq baxımından çox sərfəlidir. Çünki mən sabah səhər saatlarında Bakıya çatacam, işlərimi yekunlaşdırdıqdan sonra istəsəm elə həmin axşam da Naxçıvana qayıda biləcəyəm. Avtobuslarda göstərilən xidmətlərdən də razıyam”.

Babək rayon sakini Rza İsmayılov: “Ailəmlə birlikdə qohum-əqrəbanın xeyir işində iştirak etmək üçün dəfələrlə Bakı şəhərinə getməli olmuşuq. Gündüz yola düşdüyümüz üçün gecəni harada qalacağıq deyə narahatlıq keçirdiyim vaxtlar da az olmayıb. Ancaq indi arxayınam. Çünki bilirəm ki, sabah səhər Bakıya çatıb toyda iştirak edə, axşam da Naxçıvana qayıda bilərəm. Bu reysin açılması bizim üçün həm vaxt qazanmaq, həm də istənilən zaman rahat yola çıxmaq baxımından çox sərfəli oldu. Yaradılan şəraitə görə ailəmiz adından dövlətimizə minnətdarlığımı bildirirəm”.

Digər bir sərnişin, Naxçıvan şəhər sakini Ayxan İbrahimov da yeni açılan reysdən razılıqla danışdı: “Əvvəllər Bakı şəhərinə həftə sonları gedərdim ki, vaxtında işimi qurtarıb geri qayıda bilim. Sözün düzü, gedişat çox vaxt planlaşdırdığım kimi olmurdu. Çünki axşam Bakıya çatdıqdan sonra iş görmək üçün səhəri gözləməli olurdum. Beləcə bir günüm hədər gedirdi. Onu da qeyd edim ki, gecələr yola çıxmağın müsbət cəhətləri çoxdur. Həm yolüstü keçdiyin yerlərin gecə görüntüsü sənə xoş təsir bağışlayır, həm də avtobusda rahat şərait olduğundan yatıb dincələ də bilirsən. Səhər də yorğun olmursan. Bizə bu imkanı yaradanlara minnətdaram”.

Yanvarın 11-də Bakı şəhərindən də ilk avtobus Naxçıvana yola salınacaq.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: