Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Sara Əzimova:“Tək ürək olduq və Naxçıvanımızı qalib etdik”.

139

Bir gənc kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.

Bu müsabiqə elan edildikdən sonra hamı bir nəfər kimi səfərbər oldu. Müsabiqə başa çatana kimi liderliyi əldən vermədik. Bütün sosial şəbəkələrdə yaşından asılı olmayaraq hər bir naxçıvanlı fəallıq göstərdi. Sevindirici haldır ki, təkcə Naxçıvandan deyil, dünyanın müxtəlif ölkələrindən qədim diyarımıza səs verildi. Avropa ölkələrində yaşayan, təhsil alan gənclərimiz Naxçıvan Dövlət Televiziyasının hazırladığı 2 dəqiqəlik videoçarxı həm öz səhifələrində, həm də müxtəlif sosial qruplarda yerləşdirdi, hamını Naxçıvana səs verməyə çağırdı.

Bir sözlə, tək ürək olduq və Naxçıvanımızı qalib etdik. Bu qalibiyyət bizim üçün ikiqat bayram oldu. Çünki Naxçıvanımız 2018-ci ildə ikinci paytaxt ünvanını aldı. Həm İslam Mədəniyyətinin Paytaxtı, həm də Gənclər Paytaxtı. Ona görə naxçıvanlı kimi doğma Naxçıvanımızla qürur duymağa haqqımız var.

Bir məsələyə də diqqəti çəkmək istəyirəm. Məlumdur ki, “Gənclər Paytaxtı” bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir. Amma bu qeyd olunan tədbirlər Naxçıvanda 20 ildən çoxdur ki, həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada gənclərin hərtərəfli inkişafına böyük dəstək verilir. Blokada şəraitində yaşayan Naxçıvanlı gənclərin vətənpərvər ruhda böyüməsi üçün bütün imkanlardan istifadə edilir. 1995-ci ildən ötən dövr ərzində gənclər muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir. Gənc istedadlara dövlət qayğısı göstərilir, onların sosial problemləri həll olunur. Naxçıvanda elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclər irəli çəkilir. Muxtar respublikamızda gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri tikilərək gənclərin istifadəsinə verilir. Eyni zamanda gənclərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması da diqqət mərkəzində saxlanılır. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi təsadüfi deyil.

Heç şübhə yoxdur ki, Naxçıvan “Gənclər Paytaxtı” adını layiqincə daşıyacaq, yüksək təşkilatçılıqla keçirilən tədbilərlə layihədə adını ilkin sıralara yazdıracaqdır.

Sara Əzimova 

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio

Şurasının üzvü

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: