Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Səməd Canbaxşiyev: “Bu, birliyin təntənəsidir”.

111

Bütün naxçıvanlılar üçün bu günün yəqin ki, ən sevindirici xəbəri Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi oldu.

Əslində, bu, gözlənilən idi. Çünki yanvar ayının 25-dən başlanan səsvermədə və sosial şəbəkələrdə naxçıvanlı gənclərin fəallığı diqqəti çəkirdi. Bu da təbiidir. Çünki 5 minillik tarixi olmasına baxmayaraq Naxçıvan həmişə gəncdir və bu gənclik təravəti onun bütün sakinlərində özünü büruzə verir. Çünki, qurmaq, yaratmaq, yenilənmək və torpağı müdafiə etmək hissləri gənclik düşüncəsində olanlarda daha güclü və səmimidir.

Etiraf edək ki, bu səsvermədə təkcə gənclər deyil, elə orta nəslin nümayənədələri olan insanlar da fəallıq nümayiş etdirdilər. Bu, hər kəsin düşüncəsindən, dünya görüşündən və təbii ki, ürəyinin gəncliyindən xəbər verirdi. Bunu birlik də adlandırmaq olar. Lazım olan məqamda Naxçıvan uğurunda istənilən səviyyədə birləşmək nümunəsini bizə hələ 1990–cı illərdə ümummilli lider Heydər Əliyev göstərib. Bu gün isə bu ənənənin davamı gənclərə yaradılan şərait, göstərilən diqqət və qayğı ilə özünü büruzə verir.

Artıq bu səsvermə gənclərin təşkilatlanması və dövlətçilik ideyaları ətrafında vahid qüvvə kimi birləşməsinin nümunəsidir. Bunlar Naxçıvanda uzun illər həyata keçirilən uğurlu gənclər siyasətinin, vətənpərvərlik hisslərinin tərbiyəsində atılan düzgün, uzağa hesablanan addımların təzahürüdür. Muxtar respublika gənci bu gün inkişaf edən, Avropanın şəhərləri ilə müqayisə olunan , öz doğma, təmiz, sakit, şəhərini–Naxçıvanı elə geniş dünyagörüşlü bir gənc kimi də tərənnüm edir. Bütün bunların müqabilində Naxçıvan “Gənclər Paytaxtı”dır.

Bütün naxçıvanlıları təbrik edirik !

Səməd Canbaxşiyev

Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: