Naxçıvan abidələri və dövlətçilik tariximiz

244

Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim tarixinin və mədəniyyətinin mühüm göstəricisidir. İndiki nəsillər yaradılan və bizə gəlib çatan abidələrlə fəxr etməklə yanaşı, onu yaradanları da minnətdarlıqla xatırlayır və qürur duyurlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla fəxr edir və bunları yaradanları daim xatırlayırıq”.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azərbaycan əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətlərinin yarandığı ərazi Naxçıvan olmuşdur.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlardandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar. Sonrakı dövrdə Azərbaycan torpaqlarında Skif  şahlığı (iskit), Manna, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, mağaralar, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarı əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi statusunu qoruyub saxlamışdır. Bu ərazidə mövcud olmuş dövlət qurumları milli dövlətçilik ənənələrinin formalaşması ilə yanaşı, həm də bölgənin inkişafına, müdafiə qabiliyyətinin güclənməsinə, inzibati-idarəçiliyin möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyətidir, tarixi abidələridir. Bu cəhətdən Naxçıvan ərazisi xüsusilə diqqəti cəlb edir. Naxçıvan ərazisi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir.

Hər bir xalqın mədəniyyətinin inkişafı onun dövlətçilik tarixi ilə bağlıdır. O xalq zəngin mədəniyyətə sahibdir ki, onun böyük dövlətçilik tarixi vardır. Azərbaycan beş min illik dövlətçilik tarixinə malik olan, müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən qədim dövlətçilik tarixi yaratmışdır.

Dünyanın və dövlətlərin inkişaf tarixindən bu fakt da məlumdur ki, heç də bütün böyük dövlətlər böyük mədəniyyət sahibi deyillər, diqqəti cəlb edən abidələr yarada bilməmişlər. Bunları nəzərə alan ulu öndər Heydər Əliyev demişdir: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Deməli, zəngin dövlətçilik ənənələri olan dövlətlər böyük abidələr yarada bilirlər. Yəni tarixi abidələr dövlətçilik tarixi ilə bilavasitə bağlıdır. Dövlətçilik ənənələrini davam etdirən dövlətlər tarixə çeviriləcək abidələr yarada bilirlər. Ənənə və varislik, tarixi təcrübə yeni abidələrin yaradılmasına səbəb olur. Naxçıvan ərazisində mövcud olan, yəni günümüzədək gəlib çatan abidələr dövlətçilik tariximizlə birbaşa əlaqəlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Muxtar respublika ərazisindəki tarixi abidələr – qalalar, saraylar və türbələr dövlətçilik tariximizlə birbaşa bağlıdır. On ikinci əsrdə Azərbaycan Atabəylər dövləti paytaxt şəhər kimi Naxçıvanda mədəniyyətin, xüsusilə Əcəmi Naxçıvani sənətinin inkişafına təkan vermiş, dünya əhəmiyyətli abidələr yaradılmışdır…”.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan ərazisində qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Azərbaycanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin ensiklopediyasıdır. Naxçıvan ərazisində mövcud olan tarixi abidələrdən – Qazma mağarası, Kilit mağarası, Oğlanqala, Ovçulartəpəsi, I Kültəpə, II Kültəpə, Qızılburun, Möminə xatın, Qarabağlar, Yusif Küseyr oğlu və Gülüstan türbələri, Qızqalası, Əlincə qalası, Naxçıvanqala və başqa yüzlərlə abidə keçmişimizi bu günə daşıyan maddi və milli sərvətimizdir.

Böyük abidələr, tarix və mədəniyyət abidələri zəngin dövlətçiliyi ilə fərqlənən dövlətlərin olduğu dövrdə yaradılır. Azərbaycan Atabəylər – Eldənizlər dövlətinin mövcud olduğu dövrdə olduğu kimi. XII əsrin 40-70-ci illərində paytaxtı Naxçıvan şəhəri olan Azərbaycan Atabəyləri dövləti dövründə bir sıra tarixi abidələr yaradılmışdı. Naxçıvan dövrün mənbələrində (“Əcaib əd-dünya”) belə təqdim edilir: “Naxçıvan Azərbaycanda böyük və gur şəhərdir, yüksək yerdədir, çox möhkəmdir. Orada çoxlu saray, köşk və eyvanlar tikilib, şəhərin yaxınlığında daşdan qala ucaldılıb, qalada isə mədrəsə və məscid tikiblər. Deyirlər ki, yer üzərində bundan abad şəhər yoxdur”. Azərbaycan Atabəyləri dövründə Naxçıvan şəhəri və ətrafında onlarla tarixi abidə yaradılmışdır ki, bunların bir qismi günümüzədək gəlib çatmış, bir qismi isə təbii qüvvələrin nəticəsində uçub dağılmışdır: Yusif Küseyir oğlu, Möminə Xatın və Gülüstan türbələri, Qoşaminarə, Cümə məscidi, Darülmülk (Eldənizlər sarayı) və başqaları. Bu abidələrin hər biri memarlıq quruluşu və möhtəşəmliyi ilə diqqəti cəlb etmişdir. Fransız səyyahı Tavernye Naxçıvan abidələrinə heyranlığını gizlətməmiş və Naxçıvan Cümə məscidini Asiyada ən möhtəşəm məscidlərdən biri kimi qiymətləndirmişdir. Möminə xatın türbəsi isə monumental abidədir. Bu türbə orta əsr Azərbaycan memarlığının şah əsəridir. Akademik M.V.Alpatov Möminə xatın türbəsi haqqında yazır: “Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyanın belə kamilliyinə və mükəmməl işlənməsinə bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir”. Ona görə mümkün deyildir ki, XII əsrdə Orta Avropada dövlətçilik ənənələri olan, dövlətçiliyi zəngin olan Azərbaycan Atabəylər dövlətinə müqabil olan dövlətə təsadüf etmək mümkün deyildi.

Qarabağlar Türbə Kompleksinin bərpadan sonra istifadəyə verilməsi tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Abidələr o vaxt tarixin predmetinə çevrilirlər ki, onlar bərpa və tədqiq olunsunlar. Bu gün biz abidələri təkcə mədəni irsimiz kimi yox, həm də dövlətçilik tariximizin bir hissəsi kimi öyrənməliyik”.

Müstəqillik illərində muxtar respublika ərazisində 70-dən çox tarix və mədəniyyət abidəsi əsaslı surətdə bərpa edilmiş, onlara ikinci həyat verilmişdir. Belə abidələrdən biri də Qarabağlar Türbə Kompleksidir. Bu kompleksin tarixini öyrənməklə məlum olur ki, Qarabağlar şəhər kimi XII əsrdən məlumdur. Sonrakı illərdə şəhər Azərbaycanın mühüm istimai-iqtisadi, siyasi mərkəzlərindən biri olmuşdur. Onun Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi və mədəni həyat xeyli tərəqqi edib. Belə memarlıq abidələrinin olması Qarabağların böyük şəhər olduğunu sübut edir. Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakular dövləti dövründə olmuşdur. Qarabağlar Türbə Kompleksi xalqımızın maddi-mədəniyyət abidələri arasında tarixi mövqeyi, dünya əhəmiyyətli abidə olması, dövlətçiliyin nə qədər zəngin olmasını göstərir. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olmaqla, bugünkü və gələcək nəsillərə təqdim edilən dövlətçilik irsimiz və mədəni sərvətimizdir.

Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələri dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən 1212 abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Həmin Sərəncam muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində, bununla yanaşı, həm də dövlətçilik tariximizin öyrənilməsində  yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu baxımdan qeyd etmək yerinə düşər ki, tarixçilərimiz abidələri yalnız mədəni irsimiz kimi deyil, həm də onları dövlətçilik tariximizin bir sahəsi kimi öyrənməli və tədqiq etməlidirlər.  

Muxtar respublika ərazisində yerləşən, tarix və mədəniyyət abidələri qorunur, bərpa edilir və tədqiq edilir. Abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. “Naxçıvan abidələri ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvan deyil, bötövlükdə Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Son illər çap olunan “Əlincəqala”, “Gülüstan türbəsi”, “Qarabağlar Türbə Kompleksi”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan buzxanaları” və başqa çoxsaylı kitablar da bu sahədə görülən işlərin əhəmiyyətini və ardıcıllığını göstərir.

Hər bir xalqın qədimliyi, ululuğu, dövlətçiliyi onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır, dövlətçiliyin zənginliyini göstərir. Ona görə də tariximizin əks-sədası olan abidələrimizi öyrənmək, qorumaq və təbliğ etmək hər kəsin vətəndaşlıq amalına çevrilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

 

                                                                                  İsmayıl Hacıyev

                                                                      AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: