Naxçıvan 2019-cu ildə də cinayətsiz region kimi qalacaq - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasını daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq vurğulayıb ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin saxlanılması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.
Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 müxtəlif növ silah və xeyli sayda döyüş sürsatı təhvil verilib.
Muxtar respublikanın daxili işlər naziri bildirib ki, 2018-ci ildə ümumilikdə 1702 vətəndaş qəbul edilib və müraciətlərin əksəriyyəti həll olunub. Görülən tədbirlərin nəticəsidir ki, ötən il yol qəzalarının sayı 2017-ci illə müqayisədə 54 faiz azalıb. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilib. Hesabat dövründə maddi-texniki bazanın möhkəmləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində də işlər davam etdirilib.
Məruzə ətrafında müzakirələrdə çıxışlar edilib. Qeyd olunub ki, polis orqanları əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqları yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasını təmin edəcək.
Sonra kollegiya iclasının qərarı qəbul edilib.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vuraraq 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb və bildirib ki, daxili işlər orqanları beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, 2019-cu ildə də cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətlərini daha da gücləndirəcəklər. Naxçıvanın cinayətsiz region prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcək.
Əbülfəz Dünyamalıyev