“Naxçıvan-2018” davam edir

73

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının dördüncü turuna start verilib.

NUHÇIXAN xəbər verir ki, ən reytinqli şahmatçıların mübarizə apardığı “A” qrupunda maraqlı qarşılaşmalar var.  2,5  xallıq göstərici ilə qələbə uğrunda mübarizədə ən şanslı 8 şahmatçı arasında görüşlər keçirilir. Belə ki, Azərbaycan şahmatçılarından Eltac Səfərli ukraynalı Vitali Bernadskiyə, Nicat Məmmədov Almaniya təmsilçisi İqor Xenkinə, Fərid Abbaslı isə İsraildən İlia Smirinə qarşı oynayır. Naxçıvan şahmatçılarından beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev iranlı Mitra Hecazipura, beynəlxalq usta Toğrul Həsənzadə isə Seyidxan Purmusəviyə rəqib olub. Fide ustalarımız Pərviz Qasımov Nail Bəşirli ilə, Sadiq Məmmədov isə  Məhəmməd Muradlı ilə qarşılaşıb. Sadiq və Urfan qələbə qazanacağı halda aktivlərindəki xal sayını 2,5-ə yüksəldəcəklər.

“B” qrupunda gərgin mübarizə davam edir. Naxçıvan şahmatçısı Sadiq Qarayev də daxil olmaqla, maksimum göstəriciyə malik Bakı, Xaçmaz, Quba və Ağdamdan olan 10 şahmatçı mövqeyini gücləndirmək niyyətindədir.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda muxtar respublika təmsilçilərindən Elçin Rza, Nazlı Hümbətova və İlkin Qəbulov 4-cü qələbə xalı üçün çalışırlar. Bakıdan 8, Gəncədən 2 şahmatçı da qələbə seriyasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə mayın 10-da yekun vurulacaq.

                                                                              Emil Səmədov

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: