“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında dördüncü tur başa çatıb

62

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında dördüncü tur başa çatıb.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq əmsalına görə turnirin ən reytinqli şahmatçılarının yer aldığı “A” qrupunda mübarizə aparan Azərbaycan təmsilçilərindən yarışın ikiqat qalibi Eltac Səfərli ukraynalı Vitaliy Bernadskiylə, Nicat Məmmədov Almaniya təmsilçisi iqor Xenkinlə, Fərid Abbasov isə İsraildən İlia Smirinlə heç-heçə edərək qalibiyyət şanslarını qoruyublar. Naxçıvan şahmatçılarından beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev iranlı Mitra Hecazipurla görüşdə bərabərliyə razı olub. FİDE ustaları Pərviz Qasımovla , Sadiq Məmmədovun xalsız başa vurduğu 4-cü turda Toğrul Həsənzadə aktivinə bir xal əlavə edib. Beynəlxalq ustamız İran təmsilçisi Seyidxan Purmusəvini məğlub edib. Turnir cədvəlindəki sıralamaya əlincə, Qazaxıstan təmsilçisi Yevqeniy Pak 3.5 xalla şəriksiz liderdir. Aktivində 3 xal olan 10 şahmatçı isə onu geridən təqib edir. Onların arasında üç qrossmeysterimiz – Eltac Səfərli, Nicat Məmmədov və Fərid Abbaslı da var.

“B” qrupundakı nəticələrsə cədvəlin üst sıralarında xal fərqinin yaranmasına səbəb olub. Buna qədər 3 qələbəlik nəticə ilə mübarizə aparan 10 şahmatçıdan 3-ü uğurlu seriyanı davam etdirib. Belə ki, Xaçmaz təmsilçisi Samir Davudov və Bakı şahmatçıları Təbriz İdrisovla, Şahin Hüseynov ilk üçlüyə yüksəliblər. 1 xal az toplayan muxtar respublika təmsilçiləri Sadiq Qarayev, Ələddin Bayramov və Zakir İsmayılov qələbə şanslarını davam etdiriblər.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda 4-cü turun nəticələrinə əsasən Bakı şahmatçıları Firəngiz Tarverdiyeva, Ömər Qədirli, Əli Zuqanov və Gəncə təmsilçisi Niyazi Qafarov növbəti qələbə xalı ilə maksimum nəticəyə nail olublar. 3.5 xallıq göstəriciyə müvəffəq olan Naxçıvan şahmatçıları – İlkin Qəbulov, Zahid Allahverdiyev və Sadiq Abbasov qələbə iddialarını davam etdirirlər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə mayın 10-da yekun vurulacaq.

                                                 Emil Səmədov

NTV Xəbər 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: