NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb

134

Bu günlərdə Kanadanın Halifaks şəhərində NATO Parlament Assambleyasının (PA) 64-cü illik payız sessiyası keçirilib.

Sessiyanın ayrı-ayrı komitələrində müxtəlif məsələlər üzrə əvvəlcədən hazırlanmış məruzələr müzakirə olunub və bu məruzələrlə bağlı qətnamə layihələri qəbul edilib. Azərbaycanla bağlı bilavasitə məruzələr olmasa da, ölkəmizin dünyada, eləcə də Avropada ildən-ilə artan əhəmiyyətli rolu, Avratlantik məkanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr müxtəlif məruzələrdə qeyd edilib.

İqtisadiyyat və təhlükəsizlik komitəsində hazırlanmış “Enerji təhlükəsizliyi: Alyans üçün çağırış” qətnaməsində Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, bu səbəbdən bu torpaqlara nəzarət edə bilməməsi, ölkəmizin qeyd edilən məkanın enerji təhlükəsizliyində strateji əhəmiyyəti öz əksini tapıb.

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı NUHÇIXAN-a bildirib ki, bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi beynəlxalq əhəmiyyətli layihələrin Mərkəzi və Şərqi Avropa ölkələri üçün həyati əhəmiyyət daşıdığı etiraf edilsə də, sənədlərdə bu məsələyə çox xəsisliklə, bəzi hallarda qısqanclıqla yer verilib: “Bu ilin sentyabr ayında bu komitənin alt komitəsinin üzvlərinin böyük bir qrupu Bakıda səfərdə olub. Onların çox maraqlı və zəngin proqramları var idi. Məhz bu səfərin məhsuldar keçməsinin qətnamənin hazırlanmasına çox ciddi təsiri olmuşdu. İşğalçı Ermənistan bu gün Azərbaycanın və dövlətimizin başçısının dünyada getdikcə artan nüfuzundan çox narahatdır. Ona görə də ölkəmizlə bağlı hər hansı nailiyyətə qarşı pozucu və təxribat xarakterli çıxışlar etməyə çalışırlar. Bu qətnamə müzakirə olunarkən yenə də çıxış edib Azərbaycanla bağlı müsbət fikirlərə etiraz etdilər. Çox təəssüf ki, bəzən onların belə mövqelərini dəstəkləyənlər də olur. Etiraf etmək lazımdır ki, beynəlxalq təşkilatlarda ermənipərəst qüvvələr işğalçı Ermənistanı hələ də dəstəkləməkdə davam edirlər. Komitə iclasında erməni deputatlar və onları dəstəkləyənlər məruzə və qətnamədə Azərbaycanla bağlı məqamların əleyhinə olsalar da, onların fikirləri əsassız qəbul edildi.

Müdafiə və təhlükəsizlik komitəsində müzakirə edilən NATO-nun Şərqdə çəkindirmə siyasətinin gücləndirilməsi məruzəsi və onun əsasında hazırlanmış qətnamə NATO və onun müttəfiqlərinin Şərqdən və Cənubdan gələn hər cür təhlükələr və onlara qarşı mübarizə tədbirlərinə həsr edilmişdi. Təəssüf ki, bu sənədlərdə də Şərq Tərəfdaşlığı ölkələrinin bəzilərinin Rusiya ilə münaqişələri yetərincə göstərilsə də, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti qeyd edilmirdi. Müzakirə zamanı məruzəçiyə sual verdikdə isə, əsassız olaraq NATO və müttəfiqlərinə əsas təhlükənin Rusiya və Çindən olması bəhanəsini gətirirdi. Bu bəhanə ilə müdafiə və təhlükəsizlik komitəsində müzakirələrdə qəbul olunan qətnamədə Azərbaycan dövlətinin və onun Prezidentinin uzun illərdən bəri əzmkarlığı və qətiyyəti sayəsində gerçəkləşmiş Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi enerji layihələrinə yer verilməmişdi. Plenar iclasda çıxış edərək bildirdim ki, Azərbaycanın liderliyi ilə gerçəkləşən bu enerji layihələri NATO müttəfiqlərinin, xüsusən də Avropanın enerji təhlükəsizliyində həyati əhəmiyyətə malikdir. Bir neçə dəfə söz alıb təklifimin qətnamədə əksini tapmasını israr etdim. Təklifim qəbul olundu. Türkiyə, İtaliya və Ukraynadan olan həmkarlarımız da çıxış edərək bizi dəstəklədilər.

Plenar iclasın müzakirələri zamanı çıxışımda NATO və onun müttəfiqləri üçün Şərqdən və Cənubdan gələn təhlükələrdən birinin də Ermənistanın işğalçılıq siyasətinin davam etməsi və Ermənistan ərazisində yaxınmənzilli İsgəndər raketlərinin yerləşdirilməsi olduğunu diqqətə çatdırdım. Vurğuladım ki, nədənsə NATO-nun Şərqdə çəkindirmə siyasətində söhbət təkcə Kalininqrad, Suriya, Krımda yerləşən raketlərdən gedir. Bu mənada işğalçı Ermənistanda yaxınməsafəli İsgəndər raketlərinin yerləşdirilməsi ən böyük təhlükə mənbəyi kimi qeyd olunmalı və qətnamədə əksini tapmalıdır. Təklif etdim ki, qətnamədə Kalininqrad, Krım, Suriya ilə bərabər, Ermənistanın da adı qeyd olunmalıdır. Bu təklifim plenar iclasda çox ciddi müzakirəyə səbəb oldu, hətta hay-küylü bir səsvermə oldu. İclasa sədrlik edən NATO PA-nın vitse- prezidenti Raza Yuknevicina belə təklifimin lehinə səs verdi. Buna görə, məruzəçi qeyd etdi ki, bu problem ayrıca olaraq növbəti bir mövzu kimi gələcəkdə müzakirəyə çıxarılsın”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: