Narın ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilsə də, onun vətəni İran hesab edilir. Bu meyvəni elmi təbabətə ilk dəfə hind həkimləri gətiriblər.
NUHÇIXAN tibbi saytlara istinadla xəbər verir ki, narın müalicəvi xüsusiyyətləri hələ eramızdan əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi istifadə ediblər.
Nar şirəsi yüksək vitaminli içki kimi yorğunluq, qanazlığı, bronxial astma, angina, radiasion şüalanma, sınqa xəstəliyi zamanı içilir. Bərpaedici vasitə kimi yoluxucu xəstəliklərdən, operativ müdaxilələrdən, mədə-bağırsaq pozuntularından sonra qəbul edilməsi də çox faydalıdır. Nar iştahanı yaxşılaşdırır, sidik turşulu diatezin, başağrılarının, hipertoniyanın müalicəsində istifadə edilir. Onun qabığında olan polifenollar dizenteriya çöplərinin inkişafını dayandırır. Sinir sisteminin möhkəmlənməsi və oyanıqlığı azaltmaq üçün meyvənin pərdəli arakəsmələri qurudularaq çay kimi dəmlənilib içilir.
Boğaz və ağciyər üçün çox faydalı olan nar öskürəyi kəsmək qabiliyyətinə malikdir. Dırnaq iltihabı və cərrahi yaraların müalicəsində nar tumu balla qarışdırılaraq həmin nahiyəyə tətbiq edilir. Meyvənin suyu bağırsaqları yumşaldır.
Nar şirəsi şəkərli diabetdən əziyyət çəkənlər üçün əsl dərmandır. O damarlarda aterosklerozun inkişafını zəiflədir. Meyvənin tərkibi qan dövranını gücləndirən antioksidantlarla çox zəngindir. Prostat vəzi xərçənginin yaranma riskini azaldır.
Növündən asılı olaraq, nar şirin və turş olur. Meyvəyə turş dad verən onun şirəsindəki limon turşusudur. Onun tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlər, boyayıcı maddələr, makro və mikroelementlərlə zəngindir. Qədim zamanlarda şərqdə nar “meyvələrin şahı” sayılırdı. Onu uzun müddət məhsuldarlıq, bolluq və daimi həyat, yunanlar isə ər-arvad sadiqliyinin rəmzi kimi qəbul edirdilər. Qədim Misirdə isə dünyasını dəyişənləri nar ilə dəfn edirdilər. Bu onların yenidən həyata qayıtmasına ümidin simvolu hesab edilirdi. Azərbaycanda isə nar sevgi etirafı üçün bir vasitə sayılır.