“Nakhchivan news” 1 yaşında

214

Günü-gündən dəyişib inkişaf edən Naxçıvan televiziyasının həyatında hər il mühüm yeniliklər baş verir. 2016-cı ildə Naxçıvan televiziyasının internet saytının, bu il “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılması və internet üzərindən teleradionun canlı yayımının təşkili muxtar respublika həyatında baş verən mühüm hadisələrdən birinə çevrildi. Elə ötən il də Naxçıvan Televiziyasının efirində mühüm yeniliklərlə yaddaqalan oldu. 2017-ci il noyabrın 27-dən etibarən muxtar respublika mediasında daha bir tarixi ilkə imza atıldı. Həmin gün “Nakhchivan news” informasiya proqramı yayıma başladı və ilk dəfə olaraq gənc aparıcılarımız tamaşaçıları ingilis dilində salamladılar. 

Hər həftənin bazar ertəsi günlərində efirə yayımlanan ingilis dilində xəbərlər proqramı qısa zaman ərzində istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda böyük maraqla qarşılandı. Hər həftə 20-25 dəqiqə ərzində yayımlanan “Nakhchivan news” informasiya proqramında həftə ərazində muxtar respublikada baş verən mühüm yeniliklər, dövlət tədbirləri, sosial-iqtisadi, ictimai, mədəniyyət və idman xəbərlərinin xronikası ingilis dilində tamaşaçıların diqqətinə çatdırılır. 

“Nakhchivan news” informasiya proqramı Naxçıvan teleməkanında yeni bir ənənənin başlanğıcını qoydu: Naxçıvan həqiqətlərinin dünya ictimaiyyətinə operativ çatdırılması. Bununla yanaşı, Naxçıvanın turizm potensialının təbliği və bu sahədə görülən işlərin işıqlandırılması da diqqət mərkəzində saxlanılır. Bir neçə aydan sonra isə bu informasiyalar həm də rus dilində təqdim olunmağa başlandı. Hər iki dildə yayımlanan proqramlarda xəbərlərlə yanaşı, Naxçıvanın turizm potensialını, mədəniyyətini, tarixi abidələrini, milli dəyərələrimizi, folklor nümunələrimizi, xalqımıza məxsus dəyərli adət-ənənələri özündə əks etdirən süjetlər hazırlanaraq efirə təqdim edilir. 

Bir sözlə, Naxçıvan Televiziyası artıq Naxçıvanın dünyaya açılan pəncərəsidir. Bu pəncərədən dünyanın dörd bir yanından diyarımıza, onun qədim tarixinə, zəngin mədəniyyətinə və müasir inkişafına minlərlə tamaşaçı nəzər yetirir. Naxçıvan bu gün dünyanın marağındadır, hər il minlərlə turist muxtar respublikaya səfər edir. Naxçıvan televiziyasının kollektivi də yeni-yeni layihələri ilə diyarımızın inkişafına və təbliğinə öz töhfəsini verməyə çalışır. 

Röyal Məmiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: