Ağbirçək nənələrimizin, analarımızın əllərinin sığalı, gözünün nuru, səliqəsi ilə çeşid-çeşid, zövqümüzü oxşayan sənətlərin səs-sorağı dünyaya yaxşı bəllidir. Söz sənətimiz, el sənətimiz, min bir naxışlı xalçalarımız, toxuculuq nümunələrimiz, milli geyimlərimiz el-el gəzib, dildən-dilə düşüb, yurdumuzu uzaq-uzaq diyarlarda tanıdıb. Onları min bir zəhmətlə, həvəslə araya-ərsəyə gətirənlərin başını uca edib. Qədim el sənətimiz olan xalçaçılıq haqqında danışanda qürurla deyə bilərik ki, yer üzünə səs-soraq salıb Azərbaycan xalçaları. Bu dürlü xalçaların, hər naxışında bir məna yatan ilmələrin hərəsinin öz adı, öz gözəlliyi olub. Qarabağ xalçası, Quba xalçası, Şirvan xalçası, Təbriz xalçası, Naxçıvan xalçası…
Əvvəllər elçi gedilən evdə qıza xalça toxuya bilirsənmi, deyə sual olunardı. Əgər cavab bəli, toxuya bilirəm olardısa, bu zaman elçilik edənlərin üzünə təbəssüm qonardı. Xalçaçılıq şərəfli sənət sayılırdı. İmkanlı adamlar dostlarına qiymətli ərməğan kimi xalça bağışlayardılar. Analar gəlin köçən qızlarına cehiz kimi xalça verməyi də unutmazdılar. Xalçadan hədiyyə ən dəyərli və əvəzsiz töhfə hesab olunardı.
Azərbaycanın hər bir bölgəsində olduğu kimi, bu qədim el sənəti ilə bir zamanlar rayonumuzun daha çox Kolanı, Aşağı Qışlaq, Keçili, Külüs, Yuxarı Qışlaq, Kükü və digər kəndlərində məşğul olan ustalar çox olardı. Bu kəndlərin bacarıqlı ustalarının misilsiz xalça nümunələri el-el, oba-oba gəzirdi. Ulu nənələrin, ağbirçək anaların toxuduqları bu nəfis xalçalar nəinki öz kəndlərində, hətta başqa yerlərdə də çox məşhur idi. İnsanlar sirli-sehirli aləmi xatırladan, min bir naxışlı “Hüseyn gölü”, “Qaynaq gəbə”, “Qollu gəbə”, “Əl-ələ” xalçalarının sorağı ilə bu kəndlərə axışıb gələr, sevib-seçdikləri xalçaları alıb aparardılar. Kənd evlərinin divarlarından asılan xalçalar o evlərin ən gözəl bəzəkləri sayılardı. Bu gün də qədim xalq sənəti nümunəsini yaşadan qadınlarımızın toxuduğu xalçalara baxanda özünü sirli-sehrli, möcüzəli bir dünyada hiss edirsən. Sanki bu xalçaların hər biri xalqımızın qədimlərdən üzübəri söykənən dünyagörüşü, həyata baxışı haqqında bir hekayə danışır. Bu günün özündə belə bu kəndlərimizin bir çox evlərində həvənin, kirkitin səsini eşitmək olar.
Rayonumuzun Yuxarı Qışlaq kəndi də vaxtilə bu sənətin geniş yayıldığı kəndlərimizdən olub. Yolumuzu bu kəndə saldıq. Böyük həvəsin, marağın, eləcə də zəhmətin bəhrəsi olan xalçaların hələ də qorunub saxlanıldığı bir evin qonağı olduq. Bu dəyərli sənət nümunəsinin yaradıcılarından biri olan 83 yaşlı Güllər Qaybalıyeva ilə həmsöhbət olduq. Yaddaşında qalanlardan həvəslə danışdı Güllər nənə:
-Gözümü açandan evimizi qonaqlı-qaralı görmüşəm. Xalça toxuyanlarımız çox olub. Anam, nənəm, xalalarım, bibilərim bu işi görmək üçün bir araya toplaşardılar. Əsasən xalçanı soyuq və uzun keçən qış günlərində toxuyardıq. Xalça toxumaq üçün böyük bir otağımız var idi. Bu otaqda kirkitimiz, həvəmiz, cəhrəmiz, darağımız, ümumiyyətlə, hər ləvazimatımız olurdu. Xalça toxumağa gələnlər səhərin o başından durar, çöl-bayır işlərini görərdilər ki, bu işi görən zaman rahat olsunlar. Beləcə, gecədən səhərə qədər həvəslə cəhrə əyirirdik, yun darayırdıq. O vaxtlar elektrik işığımız yox idi. Ancaq böyük həvəsimiz var idi, lampa işığına toxuyurduq xalçaları. O uzun keçən gecələrdə təkcə xalça yox, palazlar, kilimlər, gəbələr, garbıtlar, cecimlər toxunardı. Yun üçün kimsələrə “ağız açmazdıq”. Babamgilin çoxlu heyvanları var idi. Babamla atam heyvanların hələ yaydan yununu qırxardılar. Anam da nənəmlə birgə yunu yuyub təmizləyər, yun daraqlarından keçirərdilər. Soğan qabığından, boyaq otlarından və kəndimizin dağlarında, yamaclarında bitən otlardan elə gözəl rənglər əldə edərdilər ki, insan valeh olardı. Sonra həmin ipləri o rənglərlə boyayardılar. Bizim xalçalarımızın bu gün öz rəngini, təravətini qoruyub saxlamasının sirri məhz o təbii boyalardır. Bu işlər əsasən yaz və yay aylarında görülərdi ki, qışda xalça toxuyarkən işimiz asan olsun. Əslində hər bir xalçanın toxunmasında əziyyət, zəhmət, diqqət var idi. Hər kəs öz ovqatını, daxili aləmini, içində kök salan hisslərini xalçalara həkk edərdi. Ona görə də xalçalar bizim üçün həm də mənəvi cəhətdən çox qiymətlidir.
Güllər nənə deyir ki, kəndimizin xalçaları geniş naxış müxtəlifliyinə malikdir. İlk baxışda, qonşu kəndlərdə toxunan xalçalara bənzəsə də, diqqətlə baxdıqdan sonra əmin olursan ki, bəzi naxışlar sırf bu bölgəyə məxsusdur. Belə ki, bu xalçalarda əks olunan və xalçaçıların özlərinin belə adlandırdığı “əl-ələ”, “kərpicgöl”, “mərcangölü”, “qaragöl”, “yaşılgöl”, “midaxil” kimi naxış adları Yuxarı Qışlaq kəndinin özünəməxsus ornamentlərindən sayılır.
Bu insanların çoxu xalça toxuyub, xalça ustası olublar. Ömürlərini başa vuranları, mənim kimi qalanları da var. Toxunan xalçaların hərəsi bir evin bəzəyidir, onlardan qalan yadigardır. Mən də çox xalça toxumuşam. Bu xalçalardan övladlarımın hərəsinin öz payını vermişəm. Toxuduğum xalçalar həmişə sevilib, bəyənilib. Öz işimin öhdəsindən layiqincə gəlmişəm. Sənətə gərək ürəkdən bağlanasan. Ona sevgini qatmağı bacarasan ki, görmək istədiyin reallaşsın. Mən də görüb-götürdüklərimin sayəsində bu sənətin bilicisi olmağa çalışmışam. İndi də nəvələrimi başıma toplayıb böyük həvəslə onlara xalça toxumağın sirlərini öyrədirəm. Bu sirli-sehrli aləmdən doymaq, ayrılmaq olmur. Onun hər bir ilməsi, hər bir naxışı sanki bir nəğmə oxuyur: keçmişimizdən, tariximizdən, kimliyimizdən…
“Oğuz səsi” qəzeti