Muzeylərimiz mütəmadi olaraq ziyarət edilir
NUHÇIXAN xəbər verir ki, hazırda Rusiyada yaşayan Kəngərlilər nəslindən olan həmvətənlərimiz Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə yeni eksponatlar təqdim ediblər.
Bu münasibətlə keçirilən tədbirdə qonaqlara bildirilib ki, Naxçıvan xanlığının tarixinin araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm məsələlərdəndir. Bu xanlığın görkəmli şəxsiyyətləri, hərb xadimləri haqqında bu günə qədər çoxlu kitablar nəşr etdirilib. Bundan başqa rus tədqiqatçılarının bu haqda yazdıqları kitablar Azərbaycan dilinə tərcümə olunub. Yeni tədqiqatlar əsasında “Naxçıvan xanlığı” kitabı çap olunub, 2 hissəli “Naxçıvan xanlığı” sənədli filmi çəkilib. Sonra qonaqlar barədə iştirakçılara məlumat verilib. Vurğulanıb ki, Kəngərlilər nəslinin tanınmış nümayəndələri olan qonaqlar Əkbər xan –Naxçıvanskinin nəslindəndirlər. Naxçıvan Muxtar Respublikası Mədəniyyət naziri Natəvan Qədimova Əkbər xanın həyatı və taleyi haqqında məlumat verərək bildirib ki, 1919-cu ildə erməni daşnaklarının Naxçıvana hücumu zamanı həmyerliləri ilə birlikdə erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşan Əkbər xan həyatı boyu sovet diktaturasının təqib və həbslərinə məruz qalıb. O, Naxçıvanın Qaraçuq kəndində 1961-ci ilədək yaşayıb. Nazir Əkbər xanın övladları və nəvələri haqqında məlumat verərək vurğulayıb ki, bu gün bizim qonağımız olan Fərman Nağdəliyev Əkbər xanın nəticəsidir. Biologiya üzrə elmlər doktoru, professordur. Hazırda Moskva şəhərində yaşayır. Fərhad Nağdəliyevi isə biz “Naxçıvan xanları Rusiya imperiyasında” adlı kitabın müəllifi kimi tanıyırıq. Kitab 2006-cı ildə Moskvada nəşr etdirilib. Bu kitabda müəllif, əsasən, XIX əsrin birinci yarısında Romanovların yanında xidmət keçmiş və son günlərədək onlara sadiq qalmış Kəngərlilər və Naxçıvanskilər barədə geniş bioqrafik şərh verib. Yasna Nağdəliyeva Əkbər xanın kötücəsidir. Rusiyanın TNT kanalında jurnalist vəzifəsində çalışır. 2017-ci ildə “Baku” jurnalında Naxçıvan xanları ilə bağlı məqalələr dərc etdirib.
Qeyd olunub ki, qonaqlarımız bir müddət bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb və onlarda olan dəyərli tarixi arxiv materiallarını və öz ailələrinə mənsub qədim əşyaları Naxçıvan xanlarının yaşadıqları və idarə etdikləri bu möhtəşəm Xan sarayına təqdim etmək təşəbbüsü göstəriblər. Bu materialların muzeyə verilməsi, həmçinin onların gələcəkdə tədqiqata cəlb olunması, Naxçıvan tarixinin qaranlıq səhifələrinin araşdırılması üçün böyük töhfədir.
Kəngərli nəslinin Rusiyada yaşayan nümayəndələri Kəngərlilərə məxsus müxtəlif arxiv sənədlərinin surətləri, fotolent, Əkbər xan Naxçıvanski tərəfindən şəxsən istifadə edilmiş stəkanaltı, yemək qaşıqları və fincanı muzeyə təqdim ediblər.
Sonda tədbir iştirakçıları Xan sarayında olan eksponatlara baxıblar. Qonaqlara muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib.
Gülməmməd Əliyev
.