Muxtar Respublikanın Nazirlər Kabineti yeni qərarlar qəbul edib

91

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin aprel ayında bir sıra qərarlar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2018-ci il 5 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 3 avqust tarixli 79 nömrəli və “Naxçıvan Muxtar Respublikasında bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 15 mart tarixli 46 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.

Bundan başqa, Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli qərarları ilə “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilmiş, “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilmişdir. Müvafiq Qaydalara görə müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 16 aprel tarixli qərarları ilə “Qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən məhsullarına öz ad damğalarının vurulması Qaydaları”, “Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları”, “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazır­lanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları” və “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması Qaydası” təsdiq edilmiş, “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilmişdir.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: