Muxtar respublikamızda vətənpərvər gənclik yetişir

119

Dövlət müstəqilliyimizin qazanılmasından sonra qarşıda duran ən böyük məsələ kimi milli kadr potensialının vacibliyi, gənc və vətənpərvər mütəxəssislərin hazırlanmasının önəmini hamı başa düşürdü. Onda hiss olundu ki, ulu öndərimizin təşəbbüsü ilə hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq azərbaycanlı gənclərin keçmiş Sovet İttifaqının ən yaxşı ali məktəblərinə göndərilməsinin əhəmiyyəti necə böyük imiş və hansı uzaqgörənliklə hesablanmışdı.

Ümummilli liderimiz gəncliyə olan qayğını Azərbaycanın gələcəyinə olan qayğı kimi qiymətləndirir və bu məsələni hakimiyyətin bütün dövrlərində əsas prioritet kimi diqqətdə saxlayırdı. Azərbaycan gəncliyinin təhsili, sağlamlığı, məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyində təmsil olunması və s. kimi sahələrdə mövcud hüquqi bazanın əsası da məhz ulu öndərin əsasını qoyduğu milli dövlətçilik siyasətinin bir hissəsidir. Bu gün bu sahəyə olan qayğı ən yüksək səviyyədədir. Ölkə başçısı mövcud siyasətin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi baxımından bir sıra fərman və sərəncamlar imzalayıb. Gənclərlə aparılan işin uğurlu həlli bizim ölkəmizdə nümunə sayılacaq dərəcədədir. Bu isə heç də təsadüfi deyil. Vətənpərvər və intellektli gəncliyin yetişdirilməsi müasir dövrümüzün ən ümdə vəzifəsidir. Mənfur Ermənistan tərəfindən zorla cəlb olunduğumuz müharibə şəraiti,  torpaqlarımızın bir hissəsinin işğal olunması, beynəlxalq aləmdə baş verən proseslərdə gənclərin rolu   Azərbaycan gəncliyinin də vətənpərvər və savadlı olmasını bir daha tələb edir. Bu siyasət, bu tendensiya doğma Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə diqqət göstərilən sahədir. Belə ki, Muxtar Respublika Ali Məclisi Sədrinin qayğısı ilə hər il diyarımızda yüzlərlə təhsil müəssisələri, idman obyektləri və qurğuları, gənclik mərkəzləri, kinoteatr və kitabxanalar gənclərin istifadəsinə verilir ki, bu da intellektli və doğma yurduna qırılmaz tellərlə bağlı olan yeni nəslin formalaşmasına böyük təsir göstərir. Təhsil müəssisələrində ən yeni avadanlıq və texnologiyaların istifadəyə verilməsi və tətbiqi qloballaşan dünyada  müasir yeniliklərlə ayaqlaşa bilən və öz intellektual səviyyəsi ilə fərqlənən Naxçıvan gəncliyinin yetişməsinə səbəb olub.  Ən müasir idman avadanlıqları və qurğuları ilə təchiz olunmuş idman obyektlərində artıq Avropa və dünya çempionları keçirilir, Olimpiya oyunlarının mükafatçısı olan gənclər yetişir. Bu istiqamətdə aparılan işlərin yüksək səviyyədə olmasını biz yurdumuza gələn xarici qonaq və ekspertlərdən də eşidirik. Söz yox ki, bütün bunlar bizi qürurlandırır. Məhz bu faktın özü də vətənpərvərliyə, vətən sevgisinə xidmət edir, insanlarımızda vətənə məhəbbət hissi formalaşdırır. Bu hisslər isə müxtəlif sahələrdə uğurların qazanılmasına rəvac verir. 2018-ci il ölkəmizin “Gənclər paytaxtı” olan Naxçıvan şəhərində qurulub-yaradılanlar, şəhərin müasir görünüşü və səliqəsi, qədim və müasir memarlığın ustalıqla vəhdəti şəhərimizi daha da gözəl və yaraşıqlı edir. Gənclərimizdə öz şəhərinə, yurduna sevgi yaradır və onlarda ölkəmizi, diyarımızı sevmək, onu qorumaq və daha da gözəlləşdirmək hissləri ehtiva edir. Məhz bu vətənpərvərlik hissləri Günnüt zəfərinin qazanılmasına, torpaqlarımızın etibarlı qorunmasına təminat verir. Gənclərin  vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə əhəmiyyətli təsir edən məqamlardan biri və ən başlıcası isə muxtar diyarımızda tariximizə, tarixi abidələrimizə olan diqqətdir desək yanılmarıq. Hər il Muxtar Respublika Ali Məclisi Sədrinin qayğısı və təşəbbüsü ilə tarixi abidələrimiz, qədim körpü, hamam, dəyirman və başqa yerlər  yüksək sənətkarlıqla, üslub və tarixilik qorunmaqla bərpa olunaraq muxtar respublika sakinlərinin ixtiyarına verilir. Bu həm də muxtar respublikamızın turizm potensialını artırır, yerli və xarici qonaqlarda böyük marağa səbəb olur.

Muxtar respublikamızda Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olmuş insanların ailəsi və müharibə iştirakçılarına olan diqqət və qayğı da təqdirəlayiqdir. Belə ki, bu qəbildən olan insanlar fərdi evlər və mənzillərlə, minik avtomobillərlə təmin olunur, onların müalicə və istirahəti diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları  və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı olaraq biz təhsil müəssisələrində olur, yeniyetmə və gənclərlə görüşürük. Bütün yaradılanlarla bağlı onlara məlumat verir, onların maarifləndirilməsinə çalışırıq.

Əminliklə demək olar ki, muxtar respublikada elini, obasını sevən, vətənpərvərlik və intellektual səviyyəsi yüksək olan nəsil yetişir. Bu isə gələcəyin işıqlı olacağından xəbər verir.

Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları  və Şəhid

Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: