Muxtar respublikada ötən il  2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb

730

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən  kollegiya iclasında Baş nazirin müavini-maliyyə naziri Səbuhi Məmmədov 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxış edib. 

Qeyd olunub ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, içməli su və kanalizasiya sistemlərinin yaradılması, kənd yollarının yenidən qurulması, yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin səmərəli maliyyələşdirilməsinə nail olunub.

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2018-ci ildə gəlirləri 73 milyon 400 min manat təyinata qarşı 86 milyon 794 min 879 manat və ya 118,2 faiz icra olunmaqla büdcəyə 13 milyon 394 min 879 manat artıq vəsaitin mədaxil edilməsi təmin edilib. Büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət həyata keçirilməklə ötən il  2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb. 

Səbuhi Məmmədov bildirib ki, dövlət müəssisə və təşkilatlarında aparılan yoxlamalar zamanı əmək intizamına əməl edilməməsi, ayrılan vəsaitlərin təyinatına uyğun istifadə olunmaması, əməkhaqqının artıq hesablanması, büdcə vəsaitlərindən istifadə qaydalarının pozulması, müəyyən olunmuş smetadan kənara çıxılması, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi halları aşkarlanaraq rəsmiləşdirilib, qanunamüvafiq qaydada intizam tənbehi, cərimələr və digər tədbirlər tətbiq edilib. Əsassız xərc, cərimə və dəymiş zərərə görə 371 min manat məbləğində vəsait dövlət büdcəsinə geri qaytarılıb.

Vurğulanıb ki, ötən il Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum-Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb. 

Səbuhi Məmmədov bildirib ki, 2019-cu il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri sosialyönümlü olmaqla büdcə xərclərinin strukturunun, səmərəliliyinin və ünvanlılığının artırılması diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlarda maliyyə intizamının gücləndirilməsi, israfçılığın qarşısının alınması, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitlərindən qənaətlə istifadə olunması istiqamətində aidiyyəti tədbirləri 2019-cu ildə də davam etdirəcək. Maliyyə Nazirliyi üçün müəyyənləşdirilmiş tapşırıqların icrası məqsədilə nazirliyin müvafiq Tədbirlər Planı təsdiq edilib, icra olunması üçün bütün struktur bölmələrə çatdırılıb.

Məruzə ətrafında çıxışlar edilib. İclasda  2019-cu ilə dair iş planı təsdiq olunub. 

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: