Muxtar respublikada dövlət orqanları ixtisaslı kadrlarla təmin olunur

138

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən imtahanların mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, namizədlərin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, komissiyanın yeni proqram təminatı istifadəyə verilib.

Komissiyadan NUHÇIXAN-a bildirilib ki, ötən ay qurumun test mərkəzində təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı mərhələsi keçirilib. Attestasiyanın test imtahanı mərhələsində 6 nəfər iştirak edib, keçid balını toplayan 5 nəfər esse mərhələsində uğur qazanıb.

Komissiya tərəfindən oktyabrın 29-31-də dövlət ümumi təhsil müəssisələrində psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilən müsabiqənin test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 97 vakant vəzifənin tutulması üçün 68 nəfər sənəd təqdim edib. Test imtahanlarında iştirak edən 67 namizəddən 56-sı keçid balını toplayıb və onların sənədləri vakant vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə göndərilib. Həmçinin komissiya, müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün oktyabrın 24-də növbəti müsabiqə elan edib. Bu dövrdə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 1 namizəd vakant vəzifəyə təyin olunub.

Komissiyanın Əsasnaməsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 44 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilib. Həmçinin komissiya tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün keçirilən sınaq imtahanlarında 51 nəfər iştirak edib. Bu dövrdə maarifləndirici tədbirlərin keçirilməsi də davam etdirilib, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatı və yerli bölmələri üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı ilə birlikdə dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün “Dövlət orqanlarının mətbuat xidmətləri tərəfindən ictimaiyyətlə əlaqələrin təşkili” mövzusunda seminarlar keçirilib.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Dövlət Universitetində açıq dərs də təşkil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: