Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 01 oktyabr 2018-ci il tarixə 53 608 nəfərə çatıb. Pensiyaçıların 56 faizi yaşa görə, 26 faizi əlilliyə görə, 18 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. NUHÇIXAN-a bu məlumat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilib. O da qeyd edilib ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri cari ildə də diqqət mərkəzində saxlanılıb.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2018-ci il fevralın 9 da imzaladığı Sərəncam bu istiqamətdə növbəti mühüm addım olub. Həmin Sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 5,7 faiz artırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə artımlar vaxtında hesablanıb və ödənilib.
Hər il olduğu kimi bu il də ölkə başçısı bu il də “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, muxtar respublika üzrə 25 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 (min) manat, 898 nəfər digər kateqoriyadan olan şəxslərin hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik müavinət ödənilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanına müvafiq olaraq muxtar respublika üzrə 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş bu kateqoriyalardan olan şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin məbləği yenidən hesablanaraq artırılıb.
Göründüyü kimi ölkəmizdə, elecə də muxtar respublikamızda pensiyaçıların sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər mütəmadi davam etdirilir