Muxtar respublika iqtisadiyyatına yönələn kredit qoyuluşu 105 milyon manatı ötüb

347

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2018-ci il 1 iyul tarixinə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 105 milyon 544 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 601 min manat, uzunmüddətli kredit qoyuluşu isə 102 milyon 943 min manat təşkil edib. Kredit qoyuluşları keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 719 min manat artıb.

NUHÇIXAN xəbər verir ki, bu faktlar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən tədbirdə səsləndirilib.

İdarənin sədri Elvin Axundov çıxışında bildirib ki, 2018-ci ilin ilk 6 ayı ərzində bank qurumları fəaliyyətlərini verilən tapşırıqların icrası istiqamətində qurub. Kreditləşmədə əsas məqsəd aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişafı, ixraca yardım və daxili bazarın qorunması olub. Eyni zamanda, muxtar respublika əhalisinə verilmiş 17 milyon 807 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 14 milyon 9 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib.

“Bank və kredit təşkilatları tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində 26 milyon 438 min manat kredit verilib. Bunun da 2 milyon 695 min manatını qısamüddətli, 23 milyon 743 min manatını isə uzunmüddətli kredit təşkil edir. Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb” – deyən Elvin Axundov qeyd edib ki, kredit təşkilatları tərəfindən altı ayda 58 nəfər fiziki və hüquqi şəxsə 124 ədəd olmaqla, 1 milyon 628 min 200 manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib. Hesabat dövründə, ümumilikdə, verilmiş kreditlərin 3 milyon 50 min manatını kənd təsərrüfatı sahəsinə yönəldilmiş kreditlər təşkil edib.

Elvin Axundov bildirib ki, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Əhalinin bu sahəyə marağının artırılması məqsədilə muxtar respublikanın Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirləri keçirilib və 2018-ci ilin ilk 6 ayı ərzində 312 nəfər fiziki şəxsə 20 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr verilib. Ödəniş sistemlərinin inkişaf etdirilməsi və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi üçün POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb. POS-terminalların sayı 2018-ci il 1 iyul tarixinə 575-i Naxçıvan şəhəri, 694-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 1269-a çatdırılıb. Nəticədə, 2018-ci ilin ilk 6 ayı ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 18 milyon 128 min manat olub və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 212 min manat artıb.

Sonra çıxışlar dinlənilib və bank sektoru qarşısında duran vəzifələr diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: