Muxtar respublika gömrük orqanlarının yarımillik fəaliyyəti müzakirə olunub

1. 475

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn məsələlərin və 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirlinin NUHÇIXAN-a verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib.

Bildirilib ki, dövlətimiz tərəfindən gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması diqqətdə saxlanılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Sədərək sərhəd keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə “bir dayanacaq” prinsipinə uyğun müasir gömrük kompleksinin inşası davam etdirilib. Komitə sədri kompleksin tikintisinin qısa vaxta başa çatdırılması üçün işlərin sürətləndirildiyini önə çəkib.

Komitə sədri vurğulayıb ki, 2018-ci ilin birinci yarısında muxtar respublika gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnoz-tapşırığa 100 faiz əməl edilib. Belə ki, büdcənin formalaşdırılması üçün yanvar-iyun ayları ərzində 3 milyon 806 min 527 manat vəsait toplanaraq təyinatı üzrə köçürülüb. Büdcəyə köçürülmüş gömrük ödənişləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 722 min 502 manat çox olub.

Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən Komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 53 ölkə ilə 212 milyon 318 min 800 ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb, ixracın həcmi 0,2 % artıb.

Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində 8 cinayət faktı aşkarlanıb, 104 kq 961 qram heroin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 179 qram metamfetamin, 10 ədəd Tramadol adlı güclü təsir edici maddə, 20 ədəd Klonazepam adlı psixotrop tərkibli dərman aşkar edilib. Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində X-ray tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyat vasitəsində 104 kq 530 qr heroinin aşkarlanması Naxçıvan gömrüyünün bu sahədə ən böyük nailiyyəti olub.

Daxili bazarın qorunmasının gömrük orqanlarının fəaliyyətində prioritet istiqamət olduğunu önə çəkən komitə sədri qeyd edib ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, istehlakçıların mənafeyi naminə yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib.

Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub. Ekspertizası aparılmış 31 tondan artıq ərzaq və qeyri-ərzaq məhsulunun keyfiyyət göstəriciləri normalara cavab vermədiyindən, o cümlədən markalanma və qablaşması tələblərə uyğun olmadığından muxtar respublika ərazisinə buraxılmayıb.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında muxtar respublika gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işləri qeyd edən komitə sədri vergilərin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına və toplanaraq büdcəyə köçürülməsinə nəzarətin artırılmasına, mövsüm ərzində daxili bazarın qorunması üçün tədbirlərin görülməsinə, tələbatdan artıq meyvə-tərəvəz məhsullarının ixracına əlverişli şəraitin yaradılmasına nail olmaqdan ötrü səylərin artırlımasının vacibliyini vurğulayıb.

Kollegiya iclasında cari ilin birinci yarısında gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində görülmüş işlərin və gömrük orqanlarında həyata keçirilmiş audit yoxlamalarının nəticələri müzakirə olunub, “Naxçıvanterminalkompleks” Birliyinin yarımillik fəaliyyətinə dair hesabat dinlənilib.

Tədbirə yekun vuran Komitə sədri nizam-intizamın və işə tələbkarlığın artırılmasının,  qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin gücləndirilməsinin, elektron xidmət və ödənişlərdən istifadənin stimullaşdırılmasının, maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: