Kəskin kontinental iqlimə malik olan muxtar respublikada əhalinin içməli suya tələbatının ödənilməsi, bu sahənin payız-qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilir, lazımi material ehtiyatı yaradılır.
NUHÇIXAN xəbər verir ki, içməli su və kanalizasiya sistemlərinin 2018-2019-cu illərin payız-qış mövsümünə dair hazırlığı və qarşıda duran vəzifələrlə əlaqədar muxtar respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində keçirilən iclasda bu məsələ diqqət mərkəzində olub.
Komitə sədri Əsgər Əsgərov çıxışında bildirib ki, muxtar respublika sakinlərinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Bu baxımdan içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır.
Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi su təminatında bütün məsələlərin vaxtında həllinə şərait yaradacaq. Bunun üçün su nasoslarının normal işləməsi, əhalinin içməli su təminatında fasilələrə yol verilməməsi üçün sutəmizləyici avadanlıqların yerləşdiyi binaların qızdırılması, pəncərə və qapıların tələb olunan standartlara uyğunluğu təmin edilməlidir. İstər fərdi mənzillərdə, istərsə də çoxmərtəbəli yaşayış binalarında sayğacların və su xətlərinin donmaması üçün profilaktik tədbirlər görülməlidir.
Diqqətə çatdırılıb ki, Şahbuz və Culfa Şəhər Sutəmizləyici Qurğular komplekslərində, Babək və Şərur rayonlarının xlorlama binalarında istilik sistemlərinin, nasosların və digər hidrotexniki qurğuların sazlığı yoxlanılmalı, ehtiyac olarsa, təmir işləri aparılmalı, su anbarlarının təmizliyinə diqqət yetirilməlidir.
“Payız-qış mövsümünə qədər mövcud kaptajlara, kəhrizlərə, subartezian quyularına nəzarət edilməli, suların keyfiyyəti yoxlanılmalı, təmizliyi sanitar-gigiyenik qaydalara uyğunlaşdırılmalı, su obyektlərindən düzgün istifadə edilməsi üçün maarifləndirici söhbətlər aparılmalıdır”, – deyən Əsgər Əsgərov vurğulayıb ki, vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərə əsasən yeni tikilən binalara içməli su və kanalizasiya xətlərinin çəkilməsi üçün yerli idarələr həmin ərazilərə baxış keçirməli və xətlərin tikintisi payız-qış mövsümünə qədər təmin edilməlidir.
Rayon Meliorasiya və Su Təsərrüfatı idarələri tərəfindən rayon mərkəzi və ətraf kəndlərdə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün mövcud xətlərin və hidrotexniki qurğuların yenidən bərpa edilməsi, subartezian quyularının təmir olunması, yeni su xətlərinin çəkilməsi, çəkilmiş su xətlərində təzyiqin normada saxlanılması, qəzalara yol verilməməsi və baş vermiş qəza hallarında onun dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilməli, payız-qış mövsümünə hazırlıq işləri vaxtında sona çatdırılmalıdır. Habelə su nasoslarına baxış keçirilməli, havalar soyuduqda qış mövsümü üçün lazımi tədbirlər görülməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.