Səhər-səhər işə gedəndə qarşılaşdığım mənzərə istənilən azərbaycanlını qürurlandıra biləcək bir görüntü idi. Bir-neçə metr məsafə ilə geniş yollar, parklar, xiyabanlar boyu asılmış bayraqlar… Bu gün 3 rəng bəzəyib şəhərimin 4 bir yanını, gözəllik qatıb onun gözəlliyinə. Yol boyu öz- özlüyümdə düşünürəm: heç nə asanlıqla əldə olunmur. Bir şeyə sahib olmaq istəyirsənsə onun yolunda nələrdənsə keçməlisən. İstədiyin nə qədər qiymətlidirsə, əvəzində ödəyəcəyin də bir o qədər ağır olur. Ölkəmizin müstəqillik uğrunda üzləşdiyi çətinliklər kimi…
…70 il həsrətini çəkdi xalqım. Amma, bu xalq bir dəfə azadlıq duyğusunu dadmışdısa, yenə də o duyğunu yaşamaq üçün əlindən gələni edəcəkdi. Etdi də. Azərbaycan xalqı 1990-cı illərin ən ağır günlərində azadlığa doğru addım atmağa başladı. Bu azadlıq yavaş-yavaş, zərrə-zərrə keçmişini qaytardı ona. Canlar qurban verildi, qanlar töküldü, olmazın çətinlikləri ilə üz-üzə gəlindi, amma yenə də dönülmədi bu yoldan.
Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Nə az, nə çox 70 il nəyinsə həsrətini çəkəsən, arzulayasan və ona qovuşacağına olan ümid işığı hər gün biraz daha zəiflədə öz parlaqlığını. Sonrasında isə qəflətən buludlar çəkilə kənara, arxasında gizlənən günəş aydınlada yer üzünü.
…Artıq 27 ildir ki, Azərbaycan əbədi və dönməz olan müstəqillik yollarında inamla irəliləyir. Bu dəfə onu qorumaq üçün hər savaşa, qovğaya hazır olan oğulların əmanəti, mirası kimi dayanmadan sabaha üz tutub. Bu müddətdə demokratik, hüquqi, dünyəvi dövlət qurmağa və onun təsisatlarını yaratmağa nail olub. Müstəqilliyimizin möhkəm təməllər üzərində qurulan siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir.
Ümummilli liderimizin də dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə dözməyi bacarasan. Eyni zamanda müstəqilliyin tarixi, ona doğru gedilən yolda qarşıya çıxan çətinliklər də unudulmamalıdır.
Əslində bugünkü Azərbaycan gəncliyinin də çiyinlərinə ağır öhdəliklər düşür. Varlığından yetərincə həzz aldığımız, əldə etdiyimiz uğurların təməlində dayanan və ata-babalarımızın qanı bahasına qazanılan müstəqilliyi, dəyərləri göz bəbəyi kimi qoruyub saxlamaq. Tarixə hörmət, əmanətə sadiqlik!
Vətənpərvər ruhda yetişdirilən gənc nəsil keçmişdən onlara nələrin miras qaldığını yaxşı dərk edir. Hər qarışı qızıla bərabər Torpaq, səmada göz oxşayan üçrəngli Bayraq, hər notuyla qəlbi ehtiraza gətirən Himn, hər cizgisi bir atribut olan Gerb. Hər biri öz torpağını sevən vətənpərvər azərbaycanlı üçün qürur mənbəyi, kimlikdir!
Yenidən qazandığın müstəqilliyinin 27-ci ildönümü mübarəkdir, Vətən!
Fatma Babayeva