Müstəqil Azərbaycanın yeni yüksəliş dövrü

230

Dövlətçilik tarixinə malik elə bir xalq yoxdur ki, o xalqların inkişafında liderlərin rolu olmasın. Çünki liderlər hər zaman öz ölkəsinin mənafeyini düşünərək, xalqının azadlıq və müstəqillik ideyalarını əsas götürərək onun uğrunda mübarizə aparırlar. Xalqımızın dahi oğlu Heydər Əliyev də həyatının bütün mərhələlərində Azərbaycana xidmət etmiş, onun müstəqilliyi üçün çalışaraq Vətənə xidmətin nümunəsini yaratmışdır. Bu gün isə müstəqil Azərbaycanda ulu öndərin quruculuq yolu öz inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Cənab İlham Əliyev 15 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də seçicilərinin böyük səs çoxluğu ilə dövlət başçısı seçildikdən sonra ölkəmizi dünya dövlətləri sırasında layiqli, eyni zamanda nüfuzlu yerə yüksəltməklə ulu öndərimizin Azərbaycan haqqında arzularını reallaşdırmışdır.

Ötən dövr onu göstərdi ki, əgər 1993-cü il oktyabrın 3-də ümummilli lider Heydər Əliyev xalqın böyük dəstəyilə dövlət başçısı seçilərək ölkəmizi ağır təlatümlərdən, müstəqilliyimizi məhv olmaqdan qurtarmışdırsa, cənab İlham Əliyev bu müstəqilliyi daha da inkişaf etdirərək Azərbaycanın beynəlxalq arenada güclənməsini, onun uzun müddətli inkişafını təmin etmişdir. Bu mənada 15 oktyabr tarixi ölkəmizin ən yeni tarixində Heydər Əliyev quruculuq xəttinə sədaqətin təzahürü kimi böyük əhəmiyyət daşıyır. Eyni zamanda 2003-cü ilin 15 oktyabr seçkiləri bir daha təsdiqlədi ki, xalqımız ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqdir. Çünki bu kurs ölkəyə və onun vətəndaşlarına xidmət yolunu özündə əks etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.

Təsadüfi deyil ki, cənab İlham Əliyevin dünyagörüşü, intellektual səviyyəsi və müasir dövrün idarəçilik sistemində beynəlxalq qaydaları dərindən bilməsi, ölkə Prezidenti seçilməmişdən əvvəl də mühüm uğurların əldə olunması ilə nəticələnmişdi. Belə ki, Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətimizin başçısı olarkən AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Bundan əlavə, ARDNŞ-ın birinci vitse-prezidenti kimi ölkəmizin neft-qaz strategiyasının hazırlanmasında, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə kütləvi idman hərəkatının yeni mərhələyə qədəm qoymasında əldə etdiyi nailiyyətlərlə xalqın etimadını qazanmışdı. Təsadüfi deyil ki, 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin birinci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini ortaya qoymuşdu. Və bütün bu amillər xalqın liderinə çevrilmiş cənab İlham Əliyevin 15 oktyabr seçkilərində qazandığı qələbənin əsasını təşkil edirdi. Onun Prezident kimi xalqa verdiyi vəd isə pafosdan uzaq, sadə, bir cümləyə sığan, ancaq böyük məna kəsb edən əsl rəhbər tezisi idi: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”.

Ölkə başçısının ötən 15 il ərzində fəaliyyətini nəzərdən keçirsək görərik ki, cənab İlham Əliyev qısa müddət ərzində ümumxalq sevgisi qazanıb və hər bir Azərbaycan vətəndaşının Prezidenti olub. Hər şeydən əvvəl ölkəmizin demokratik inkişafı yolunda atılan addımlar – əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması dövlət başçısının siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir. Sosial siyasətin uğurlu tətbiqi kimi əhali rifahının diqqət mərkəzində saxlanması, minimum əməkhaqqı və pensiyaların artırılması, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi və mövqelərinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın sosial-iqtisadi inkişafı da özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Siyasi təhlilçilərin də qeyd etdiyi kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas mərhələsi 2003-cü ildən başlamışdır. Həmin dövrdən başlayaraq dövlət başçısının iradəsi ilə ölkədə qeyri-neft sektoru prioritet istiqamət təşkil etmiş, sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılmışdır. Ölkədə əlverişli investisiya mühitinin yaradılması milli sahibkarlığın inkişafı ilə yanaşı, xarici investorların da Azərbaycana marağını artırmışdır. Kompleks tədbirlər kimi icrası nəzərdə tutulan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları isə regionlarda mövcud olan əmək ehtiyatlarından səmərəli istifadəni, əhalinin məşğulluğunu, yeni iş yerlərinin yaradılmasını, aqrar sektorda islahatların həyata keçirilməsini stimullaşdırmış, yüzlərlə yeni istehsal və sənaye müəssisələrinin yaradılmasına imkan vermişdir.

İnkişafın Azərbaycan modelinin əsas nəticələri bunlardır: Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3.2, qeyri-neft sektoru 2.8, sənaye istehsalı 2.6 və kənd təsərrüfatı 1.7 dəfə artmış, ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu dövrdə Azərbaycanda 3 mindən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, 1.9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artmış, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq 5.4 faizə düşmüşdür.

Təbii ki, bu illər ərzində Azərbaycan təkcə daxili iqtisadiyyatda əldə etdiyi uğurlarla deyil, həm də həyata keçirdiyi mühüm regional layihələri ilə diqqət çəkmişdir. Belə ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmiryolunun əfsanədən reallığa çevrilməsi Azərbaycanın iqtisadi və siyasi nüfuzunu göstərdi. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin reallaşdırılması ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına güclü dəstək verir. Artıq reallaşdırılan TANAP və TAP layihələri Avropanın böyük qaz bazarına nüfuz edən Azərbaycanı etibarlı tərəfdaş kimi tanıdır. Bununla yanaşı dövlət başçısı Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görmüş, Azərbaycanı regionun və dünyanın beynəlxalq nəqliyyat dəhlizinə çevirmişdir.

Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə səbəb olmuşdur. Dünya dövlətləri ilə bərabərhüquqlu, faydalı əməkdaşlıq münasibətləri quran ölkəmizin 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu nüfuzun göstəricisidir.Ölkə Prezidentinin düzgün müəyyənləşdirilmiş xarici siyasət kursu nəticəsində Ermənistan qısa müddətdə dünyada işğalçı ölkə kimi tanınmışdır. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlar, həmçinin aparıcı dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmasını tələb edirlər.

Bu illərdə müstəqil Azərbaycanın qazandığı ən mühüm nailiyyət təbii ki, qüdrətli orduya sahib olmasıdır. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edən müdafiə sənayesi kompleksi formalaşmış, ordumuzun silah arsenalı möhkəmləndirilmişdir. 2016-cı il aprel ayında ordumuz tərəfindən cəbhə xəttində Ermənistanın hərbi təxribatının qarşısının alınması və əks-hücum nəticəsində Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazinin düşməndən azad edilməsi işğal altında qalan torpaqlarımıza nəzarət etmək imkanını artırmışdır. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürülmüşdür. Bu iki fakt Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın qısa müddətdə işğaldan tam azad olunacağına əminlik yaradır.

Ümumiyyətlə, ölkəmizin ötən illər ərzində əldə etdiyi bütün uğurların kökündə dayanan ən mühüm amil müstəqilliyimizin möhkəmləndirilməsi olmuşdur. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi siyasi kurs Azərbaycanın müstəqil dövlət kimi öz milli mənafeyini qorumaq və inkişaf etdirmək əzmini daha da artırmışdır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli strateji kurs Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, bu gün muxtar respublikada böyük quruculuq tədbirləri həyata keçirilir, mühüm dövlət proqramları uğurla icra olunur. İndi Naxçıvanda bütün sahələr özünün yeniləşmə, çiçəklənmə dövrünü yaşayır. Bu müsbət dəyişiklikləri hazırda muxtar respublikamızın gündən-günə yeniləşən simasında bir daha görürük.

Ötən 15 ildə muxtar respublikada sənaye 61,9 dəfə, kənd təsərrüfatı 6,5 dəfə, əhali gəlirləri 1,3 dəfə, əsas kapitala yönəldilən vəsaitlər isə 64,8 dəfə artmışdır. 2003-2017-ci illərdə muxtar respublikada 210 məktəb binası, 409 mədəniyyət, 246 səhiyyə, 41 idman, 527 inzibati bina, 100 nasos stansiyası, 815 istehsal və xidmət obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev də hər il ənənəvi olaraq muxtar respublikaya səfərlərində bu yeniliklərlə yerindəcə tanış olur, görülən işləri yüksək qiymətləndirir.

Son 15 ildə 14 dəfə muxtar respublikaya səfər edən ölkə Prezidenti cənab İlham Əliyev 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak etmişdir. Muxtar respublikaya son səfərindən sonra ölkə Prezidenti Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, Ordubad Su Elektrik Stansiyasının və Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlərin davam etdirilməsi üçün 4 sərəncam imzalamışdır. Bu sərəncamlarda nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün, ümumilikdə, muxtar respublikaya 55 milyon manat vəsait ayrılmışdır. Bu fakt dövlət başçısının Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqətin daha bir ifadəsidir.

Muxtar respublikamızda görülən işlər, əldə olunan inkişaf ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dediyi kimi: ” Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikada. Burada aparılan işlər çox yüksək qiymətə layiqdir. Bütün işlər böyük məhəbbətlə, zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yardılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.

Bu gün ölkə başçısı ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı inam və qətiyyətlə irəli aparır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin işi və əməlləri yaşayır. Zaman keçdikcə bu nailiyyətlər daha da artır. Çünki bu yolu Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan hörmətli Prezidentimiz cənab İlham Əliyev davam etdirir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən ölkə rəhbəri nəinki regionda, bütövlükdə dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə isə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: