Mühasiblər üçün növbəti kurs keçirilib 

188

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə qurumun yanında fəaliyyət göstərən Maliyyə Tədris Mərkəzi  “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs təşkil edib. 

Dekabrın  4-dən 7-dək təşkil olunan kursa ilk dəfə olaraq Naxçıvan Şəhər, Babək və Culfa Rayon  İcra Hakimiyyətlərinin  inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən 22 nəfər mühasibat işçisi cəlb olunub.  Dörd gün davam edən kursda “İcra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında maliyyə-mühasibat işinin aparılması”, “Xəzinə əməliyyatlarının təşkili və uçot”, “Vergi uçotunun təşkili”, “Büdcə təşkilatlarında mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması”, “Müvafiq sahədə maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət” kimi mövzular iştirakçılarının diqqətinə çatdırılıb. 

Təlim materialları aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirlikləri, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğundan cəlb olunan  ekspertlərin iştirakı ilə tədris edilib. 

Sayca 13-cü kursun yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsi keçirilib və iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib. 

Xatırladaq ki, Mərkəz tərəfindən bu günədək təşkil edilən kurslarda büdcə təşkilatlarında çalışan 248 nəfər mühasibatlıq işçisi dinləyici kimi iştirak edib.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: