Müdafiə naziri: Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir

135

Yanvarın 5-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də videobağlantı vasitəsilə cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibətilə xalqımıza təbrikini xatırladan müdafiə naziri bayram təbrikində ordumuza verilən qiyməti xüsusi vurğulayıb və şəxsi heyət qarşısında qoyulan konkret tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti təhlil edərək ötən il ərzində görülən işlər, qazanılan uğurlar və 2019-cu ildə yerinə yetiriləcək fəaliyyətlər barədə məlumat verib.

Azərbaycan Ordusunun bütün qoşun növlərinin və qisimlərinin fəaliyyətinə toxunan general-polkovnik Z.Həsənov müşavirə iştirakçılarından əsas diqqətin döyüş hazırlığı, qoşunların operativ, fasiləsiz və gizli idarə edilməsi, müdafiə sisteminin dayanıqlılığı, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, komandir və rəis heyətinin peşəkarlığının daim artırılması, şəxsi heyətin təlim-tərbiyəsi, vətənpərvərlik və döyüş ruhunun möhkəmləndirilməsi, hərbi qulluqçuların sağlamlığı və döyüş təminatının digər aspektlərinə yönəldilməsini tələb edib.

Müdafiə naziri xüsusi vurğulayıb ki, dövlətimizin başçısının da bildirdiyi kimi, ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.

General-polkovnik Z.Həsənov bildirib ki, əldə edilmiş uğurlardan arxayınlaşmamalı, qoşunların taktiki, operativ və strateji səviyyələrdə fəaliyyətləri daim təkmilləşdirilməli, şəxsi heyət düşmən üzərində üstünlüyümüzü qorumaqla hər an döyüş əməliyyatlarına hazır olmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: