Müdafiə naziri: Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır

67

Mayın 12-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

NUHÇIXAN xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirləri iştirak ediblər. Həmçinin cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də videobağlantı vasitəsilə müşavirəyə cəlb olunublar.

Ali Baş Komandanın ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun hərbi potensialı haqqında söylədikləri fikirlərə əsaslanaraq müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

General-polkovnik Z.Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirib.

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən müdafiə naziri bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib.

General-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn tələbləri rəhbər heyətə çatdıraraq cavabdeh şəxslərə müvafiq göstərişlər verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: