Müasir türk rəssamlığında ən zəngin və məhsuldar yaradıcılığa malik naxçıvanlı rəssam
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin oktyabr ayının 17-də imzaladığı “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam bir neçə ay bundan əvvəl Türkiyədə bir tədqiqatçıdan aldığım, telefonumda səsyazma şəklində duran müsahibəni mənə xatırlatdı. Həmin müsahibəni hazırlayıb oxuculara təqdim etmək qərarına gəldim. Qeyd edim ki, bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə Əskişəhərdə keçirilən “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konqresində məruzə etdikdən sonra daha bir mövzu diqqətimi xüsusilə çəkmişdi: “Çağdaş türk rəsmində azərbaycanlı rəssam İbrahim Safi fırçasından Şərq müşahidələri”. Məruzəçi Rumeysa İşıq Yaylanın tədqiqatında naxçıvanlı rəssam İbrahim Səfiyevdən söhbət açılırdı. Yeni faktlarla dolğun və bitkin tədqiqat idi. Sakarya Universitetində Fənn-Ədəbiyyat fakültəsinin Sənət tarixi kafedrasında elmi işçi kimi çalışan Rumeysa xanımın məruzəsindən yola çıxaraq onunla müsahibəyə başladıq:
– Rumeysa xanım, necə oldu ki, rəssam İbrahim Səfiyevlə bağlı belə bir tədqiqat aparmaq qərarına gəldiniz?
– Əvvəla, qeyd edim ki, Azərbaycan dost və qardaş ölkə kimi türk gəncliyinin, xüsusilə də elmi araşdırmalarla məşğul olanların ən çox maraq göstərdiyi ölkədir. Mən də bu baxımdan istisna deyiləm. Bu da ondan irəli gəlir ki, uzun illər bir-birimizdən ayrı düşmüşük. Bizi bizə unutdurmağa çalışıblar. Azərbaycanın təkrar öz müstəqilliyini əldə etməsi bu dostluq və qardaşlıq əlaqələrinin də möhkəmləndirilməsinə vəsilə olub. Biz gənc tədqiqatçılar da Azərbaycanın mədəniyyətini öyrənməyə çalışır, istəyirik ki, gələcək nəsillərə bu barədə kifayət qədər məlumat əmanət edə bilək.
Bu tədbirə qatılmaq istəyərkən mən İbrahim Səfiyevin əsərlərindəki Şərq izləriylə bağlı məruzə hazırlamağı qərarlaşdırdım. Əvvəla, qeyd edim ki, Türkiyədə biz onu İbrahim Safi kimi tanıyırıq. Azərbaycandan, xüsusilə onun Türkiyə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasından olduğunu bilirik. İxtisasıma aid olduğu üçün rəssamın Türkiyənin ayrı-ayrı muzeylərindəki, sərgi salonlarındakı əsərləri diqqətimi çəkdi və bunları tədqiq etməyə başladım.
– Maraqlıdır, bir türkiyəli gənc tədqiqatçı üçün kimdir İbrahim Səfiyev?
– Qafqazlardan Anadoluya uzanan bir həyatı, təxminən, yetmiş ilə qədər yaradıcılığı ilə sənət dünyasında qabiliyyətli bir professional kimi özünü təsdiqləyən bir rəssamdır İbrahim Səfiyev. Bu məşhurluğunu kiçik yaşlarından aldığı sənət təhsilinə borcludur. 1898-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında – Şərur rayonunun Cəlilkənd kəndində dünyaya gəlib. Əsl adı Rahman olan İbrahim Səfiyev 3 yaşında atasını itirir. Bu talesizliyə baxmayaraq, içində yaşatdığı sənət eşqi onu hələ uşaqlıq illərindən rəssamlığa istiqamətləndirir.
İlk təhsilini Naxçıvanda alıb. Daha sonra İrəvan Müəllimlər Seminariyasında rəsm müəllimi Kolssa sayəsində bu istedadını daha da inkişaf etdirib. Sonrakı illərdə təhsilini Moskvada İncəsənət Akademiyasında davam etdirmək arzusu ilə bir il xüsusi bir məktəbdə hazırlaşıb. 1913-cü ildə Moskva Akademiyasında qeydiyyatdan keçib. Təəssüf ki, akademiyanın hazırlıq sinfində oxuyarkən I Dünya müharibəsi başlayır. Rusiyada baş verən çevrilişdən sonra Qafqaz cəbhəsində döyüşən türk ordusu ilə 1918-ci ildə ailəlikcə İstanbula köçür. Yarımçıq qalan təhsilini 1923-cü ildə İstanbulda İncəsənət Akademiyasında uğurla tamamlayır. İbrahim Səfiyev akademik rəssamlıqdan uzaq düşməmək üçün 1930-cu illərə qədər müəllimi Namiq İsmayılın emalatxanasında qonaq tələbə olaraq sənətini davam etdirir. Burada uşaqlıqdan bəri içində yaşatdığı rəssamlıq eşqini fərqli mədəniyyətlərə sahib bir sənət mühiti ilə birləşdirərək rəsmlər çəkir.
Bu müddətdə bolşeviklərdən qaçaraq Türkiyəyə üz tutan və rəssamlıq sahəsində böyük uğurlar əldə edən rus rəssamlarının əsərlərini də yaxından izləyir. Hətta 1936-cı ildə rəssam Naci Kalmukoğlu ilə dostlaşır, onunla birlikdə işləyir, bir çox uğurlara birlikdə imza atır, hətta yaxın dostu ilə Türkiyədə və xaricdəki sərgilərə qatılır. İzmir pavilyonlarının bu gün də yaşayan dekor və naxış işlərində də birgə iştirak edirlər. Bu məhsuldar yaradıcılıq tempinə 1942-ci ildə əsgərlik xidmətinə görə bir müddət ara verən gənc rəssam həmin illəri böyük çətinliklər və yoxsulluqlar içində yaşayır. Lakin rəssamlığa olan bağlılığını və məhsuldarlığını heç bir zaman itirmir, bundan sonrakı həyatını fırçası ilə təmin etməyə nail olur. İbrahim Səfiyev istər Türkiyə daxilində, istərsə də xaricdə keçirdiyi saysız-hesabsız sərgiləri ilə qısa müddətdə “çağdaş Türkiyə rəssamlığının ən çox əsər yaradan rəssamı” səviyyəsinə yüksəlir. Əsərlərində sənətinin ilham qaynağı olan təbiətdən yola çıxaraq işlədiyi mövzuları müşahidəçilik qabiliyyəti ilə dəyərləndirən sənətkar bu zaman Şərqə olan meylini tablolarında Qərb rəssamlarının üslubuna oxşarlıqla əks etdirir.
– Bir sənətşünas-tədqiqatçı kimi İbrahim Səfiyevin sənət anlayışı və üslubunu necə dəyərləndirirsiniz?
– Professor Ənvər Tali Çətin vaxtilə çox yaxın dostu olan İbrahim Səfiyevin kolleksiyasındakı rəsmlərdən seçib hazırladığı kitabında sənətkarla müsahibəsini də verib. Orada rəssam bildirir ki, “Qafqazda incəsənətə qarşı böyük maraq vardır. Qızlar rəngbərəng xalçalarda arzularını, diləklərini naxışlara çevirərkən, oğlanlar həsir, ağacoyma kimi el sənətkarlığı ilə məşğul olardılar. Bütün bu gözəlliklər addım-addım məni rəssamlığa yönləndirdi. Ətrafımdakı akademiya məzunları, müəllimlərim məni dəstəkləyir, gələcəkdə yaxşı bir rəssam olacağımı söyləyirdilər. Mən də rus rəssamı Repinin əsərlərini bəyənir, gələcəkdə onun kimi bir rəssam olmağı çox istəyirdim”. Buradan da göründüyü kimi, İbrahim Səfiyevin sənətinin, sənətə baxışının və sənət anlayışının əsasları hələ İstanbula gəlməmişdən əvvəl qoyulmuşdu.
– Bəs İstanbuldakı müəllimi Namiq İsmayılın onun yaradıcılığına nə dərəcədə təsiri olub?
– Danılmaz dərəcədə çox. Çünki İbrahim Səfiyev hər yeni əsərində öz mədəniyyətinə məxsus dəyərləri, yüksək müşahidəçi gücü ilə və müasir bir üslubda tamaşaçıya yenidən təqdim etməyi ondan öyrənmişdir. Belə bir şəraitdə özünü hərtərəfli inkişaf etdirmiş, müraciət etdiyi hər mövzunun texniki və təqdimat fərqliliyində belə, müəllimi kimi özünəməxsusluğuna sadiq qalmışdır.
– Onun əsərlərinin janr özəllikləri barədə nə deyə bilərsiniz?
– İbrahim Səfiyev rəsmlərini peyzaj, natürmort, portret və kompozisiya kimi dörd əsas janrda işləsə də, əslində, bu əsərlərdə təbiət və küçə mənzərələri ilə şəhər görüntüləri daha çox üstünlük təşkil edir. O, müxtəlif zamanlarda İstanbul mövzusunda ən çox işləyən rəssamlardan biri olaraq şöhrət qazanmışdır. Xüsusən də şəhərin bir-birindən fərqli yerləri onun molbertində görüntülü bir sənət keyfiyyəti qazanmışdır. Məsələn, Boğaziçi təpələri, Qaraköy mənzərələri, Beşiktaş limanı, Qalata körpüsü, küçələr, məscidlər, taxtadan tikilmiş evlər, ictimai yerlər İstanbulu rəsmlərində sanki yaşayan bir şəhər halına çevirmişdir.
– Çıxışınızda İbrahim Səfiyevin müşahidələrinin əks edildiyi Şərq mədəniyyətinə xas olan nüanslar üzərində də dayandınız, nümayiş etdirdiyiniz slaydlardan da rəssamın yaradıcılığında mədəniyyətlərin qovuşduğu şəhər olan İstanbulun xüsusi yer tutduğu diqqətdən qaçmadı…
– Müasir Türkiyə rəssamlığında əvvəllər sənət, sadəcə, bir mərkəzdən idarə olunurdu. Sonralar müxtəlif istiqamətlərdə inkişaf özünü göstərdi və bu zaman fərqli üslublarda əsərlər yaradan Şefik Bursalı, Sabiha Bozcalı, Ərən Əyyuboğlu, Şükriyə Dikmən, Həmid Görələ və Naci Kalmukoğlu kimi rəssamlar ortaya çıxdı. Lakin çağdaş türk sənət anlayışından heç bir vaxt ayrılmayan, həm müşahidəçi, həm də klassik və süjetli əsərləri ilə diqqətçəkən, bu sahədə özünəməxsus bir üslub ortaya qoyan və müstəqil şəkildə işləyən rəssamlara İbrahim Səfiyev başçılıq etməyə başladı.
İstanbulun, sadəcə, mənzərəli görüntüsünü deyil, eyni zamanda insanların yaşayış tərzi və adət-ənənələrinin sərgiləndiyi qəhvəxanaları, yaşıllıq əraziləri, musiqili əyləncəli məkanları, hamam, çeşmə, meydan, saray həyatını xatırladan səhnələri, Şərq mədəniyyəti və yaşayış tərzini detallarıyla verən bu rəssam şəhərin yoxa çıxmış digər tərəfini təqdim etməyi də unutmamışdır. Xüsusilə də bəzi Şərq meyilli Qərb rəssamlarının üslubunu xatırladan, uzun illərdir, yaşadığı bu şəhəri olduğu kimi rəsmə çevirə bilmək yerinə, həm də xəyal gücünü də hərəkətə gətirərək Şərq xarakterini müasir bir üslub içərisində əritməyə nail olmuşdur. Zamanın təqdim etdiyi bu keyfiyyətləri qiymətləndirən rəssam yaxın keçmişin sosial dəyişiklikləri arasında tarixləşən və ya qədim mədəniyyətə şahidlik edən səhnələri real boyalarla tamaşaçısına çatdırmışdır.
İbrahim Səfiyevin bu istiqamətdə seçmiş olduğu sənətkarlıq ünsürlərindəki Şərq xarakteri, əslində, onun üslubundakı keçmişə məxsus dəyərlərin əks olunmuş halıdır. Bunu rəssamın Osmanlı mədəniyyətinin izlərindən qaynaqlanan tablolarında görürük. Lakin aradan uzun bir müddət keçməsinə baxmayaraq, sənətkar həmin mövzudakı kompozisiyalarında böyük dəyişiklik etmədən Şərq mədəniyyətinə də müraciət etmişdir. Saray həyatına məxsus bu səhnələrdə Şərq dünyasının simvolik görüntüsünü bütün ehtişamıyla gözlər önünə sərmiş, təsvir edilən mövzuya uyğun şəraiti isə real bir rəssamlıq dili ilə ifadə etməyə çalışmışdır.
– Sizin təqdim etdiyiniz rəsmlərdən rəssamın həm də böyük bir yaradıcı xəyal gücünə sahib olduğunu müşahidə etmək mümkündür…
– Klassik və süjetli bir istiqamətdə müşahidəçi düşüncəsi ilə birləşdirdiyi estetik yöndə, zamanla xəyal gücünün üstünlük təşkil etdiyi bir üslubda əsərlər yaradan İbrahim Səfiyev bitkin ifadə gücünü sahib olduğu mükəmməl bir texnika ilə birləşdirmişdir. Beləliklə də, kompozisiyalarında güclü fırça toxunuşlarını, işıq və kölgə oyunlarını görürük. Bu istiqamətdə özünəxas süjet təqdimatı formalaşdıran, lakin akademik rəssamlığın naxış məfhumundan heç bir zaman vaz keçməyən bir sənətkar boylanır onun rəsmlərindən. Rəng harmoniyasına hakimliyi, işıqdan ustalıqla istifadə etməsi və kompozisiyalarının hərəkətli olması onu tanınmış rəssama çevirmiş, get-gedə özünü də geridə qoyan bir rəssamlıq bacarığı nümayiş etdirərək davamlı yeni axtarış və sıçrayışlarla sənətini davam etdirməyə nail olmuşdur. Onun rəsmlərində sarı və narıncı tonlarla verilən işıqlar, bənövşəyi və mavi rənglərlə qabarıq göstərilən kölgələr, çəhrayı, qırmızı və qırmızımtıl rəngə qədər uzanan göy üzü və buludlar diqqəti cəlb edir. Ümumiyyətlə, o, işıqlı rənglərlə düşüncələri ifadə etməyə üstünlük verib. Bu özünəməxsus üslub hər nə qədər realist bir istiqamət götürsə də, əslində, fiqurlarla hərəkətləndirdiyi xəyali məkanlar sayəsində abstrakt kompozisiyalar əldə etməyə çalışmışdır. Bu cür mənalandırmalar həm tamaşaçının xəyal gücünü hərəkətə gətirir, həm də bu günə qədər gəlib çatan dəyərlərin illüstrativ bir anlayışla əks olunmasına şərait yaradır.
– Rumeysa xanım, İbrahim Səfiyevin sağlığında haralarda və nə qədər sərgisi keçirilib?
– Əsərlərini bir çox tədbirlər vasitəsilə sənətsevərlərə təqdim edən rəssam bu ənənəni Türkiyənin dörd bir tərəfində, ildə bir neçə dəfə təkrarladığı sərgilərlə davam etdirmişdir. İlk sərgisini 1946-cı ildə İstanbulda açıb. 1950-ci illərdən etibarən Sürix, Münhen, Köln, Frankfurt, Bonn, Vyana, Roma, Paris, Marsel, Afina və digər şəhərlərdə, təxminən, on il ərzində həm araşdırmalar apararaq, həm də sərgilərini təşkil edərək adını və əsərlərini Türkiyədə və xaricdə əbədiləşdirmişdir. Beləliklə, həyatını bütünlüklə rəssamlığa həsr edən sənətkar ərsəyə gətirdiyi əsərləri sayəsində müasir Türkiyə rəssamlığında yüksək uğurlarını dəfələrlə sübut etmişdir. Təəssüf ki, belə bir həyat eşqi ilə dolu bir rəssam 1983-cü ilin 6 yanvar tarixində, özünün 100-cü fərdi sərgisinin açılış gününün axşamı dünyadan köçmüşdür. İbrahim Səfiyev aramızdan ayrılsa da, onun əsərləri rəssamlıq sənətimizdə ölümsüzlük qazanan abidələr kimi daim yaşayacaqdır. Həm də ona görə ki, o, bir çox tələbə də yetişdirmişdir. Onlardan biri də məşhur ingilis rəssamı Conson Baker idi.
– Son olaraq oxucularımıza nə demək istərdiniz?
Bir tədqiqatçı istər-istəməz tədqiq etdiyi adama vurulur. Mən də bu rəssamın heyranı kimi, bir gün onun doğulduğu Naxçıvanda sizinlə yenidən görüşməyi arzu edir, o yerlərə salamımı göndərirəm.
P.S. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2018-ci il 17 oktyabr tarixdə “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalandığını eşidən Rumeysa xanım bununla bağlı sevincini də oxuculara çatdırmamı istədi:
– Anadan olmasından 120 il keçməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasında bu cür görkəmli rəssama dövlət tərəfindən diqqət və qayğı göstərilməsi tədqiqatçı kimi məni də çox sevindirdi. Belə ki, tədqiqatçılar, ayrı-ayrı ziyalılar, incəsənətlə, xüsusən rəssamlıqla məşğul olan, maraqlanan hər kəs İbrahim Səfiyevi daha yaxından öyrənməyə çalışacaq. Həmçinin onunla bağlı istər Azərbaycanda, onun Naxçıvan Muxtar Respublikasında, istərsə də Türkiyədə ətraflı araşdırmalar, tədqiqatlar aparılacaq, yeni fotolar, sənədlər mütləq üzə çıxarılacaq. Bu həm İbrahim Səfiyevin akademik səviyyədə öyrənilməsinə şərait yaradacaq, həm də bizim kimi gənc tədqiqatçılar üçün bir çox yeni mənbələrin aşkara çıxarılması ilə əlamətdar olacaqdır. Bu mənada, həmin sərəncam mühüm əhəmiyyət kəsb edir.
Müsahibəni hazırladı: Elxan YURDOĞLU
Naxçıvan – Əskişəhər – Naxçıvan
“Şərq qapısı” qəzeti