Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib

103

Noyabrın 21-də Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib.

NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşün gündəliyinə Əfqanıstan İslam Respublikasındakı vəziyyət, həmin ölkədə fəaliyyət göstərən terrorçu təşkilatların MDB-nin üzvü olan dövlətlərin təhlükəsizliyinə törətdiyi təhdidlər, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq, MDB məkanında bioloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər daxil olunmuşdu.

Tədbir çərçivəsində, həmçinin informasiya və kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması sahəsində təşəbbüslər, faşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi və bir sıra digər məsələlərə dair məruzələr dinlənilib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib, müzakirə olunan sahələr üzrə Azərbaycan Respublikasının müsbət təcrübəsi barədə məlumat verib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə təhlükəsizliyin təmin edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: